“Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, bu çox yanlış bir addımdır” - ŞƏRH

3 Aprel 2026 17:07 (UTC+04:00)

“Nizami Kino Mərkəzinin divarlarına qraffitinin çəkilməsi çox üzücü bir hadisədir. Təəssüf ki, gənclərimizin bir qismi yanlış yoldadır və onlar özləri də dərk etmədən belə bir tarixi abidəyə ziyan vurublar. Bu, qəbul edilməz bir məsələdir, qəbul edilməz bir məqamdır və tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələdə ən narahat edici tərəflərdən biri də ondan ibarətdir ki, bunu gənclər edib:

“Hesab edirəm ki, bu bir daha onu göstərir ki, biz gənclərlə daha sıx işləməliyik. Həm ailələr övladlarının tərbiyəsinə ciddi önəm verməlidirlər, həm də məktəblər təlim-tərbiyə işlərinə daha çox diqqət yetirməlidirlər.

Gənclər arasında davamlı təbliğat işləri aparılmalıdır. Təəssüf ki, bu gün sosial media, qloballaşma və gəncliyin müxtəlif təsirlərə məruz qalması bəzi gənclərimizin milli-mənəvi dəyərlərimizdən uzaqlaşmasına səbəb olur və gənclərdə bir sıra yanlış fikirlərin və düşüncələrin formalaşdığının şahidi oluruq. Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, bu çox yanlış bir addımdır.

Gənclərimiz belə hərəkətlərdən uzaq olmalıdırlar və onlar milli-mənəvi dəyərlərimizin, dövlətimizin ən ciddi keşikçiləri olmalıdırlar. Bu məsələdə ən çox onlar həssas davranmalıdırlar. Onlar bilməlidirlər ki, millətləri güclü edən, dövlətləri güclü edən onun dəyərləridir, onun tarixi abidələridir.

Biz bu mədəniyyəti, bu tarixi qorumalıyıq. Azərbaycan xalqı zəngin tarixə, zəngin mədəniyyətə, mənəviyyata malik bir xalqdır. Xalqımız mütləq şəkildə öz dəyərlərinə sıx sarılmalı və bu dəyərləri göz bəbəyi kimi qorumalıdır və bunun önündə də gənclər getməlidir.

Çünki gənclər bizim gələcəyimizdir, gənclər gələcəyin idarəçiləridir və bizim onlardan gözləntilərimiz çoxdur”.