“Müasir Ermənistanda seçkilər ərəfəsində yaranan geosiyasi və daxili siyasi gərginliklər həm regional, həm də qlobal aktorların maraqlarının toqquşmasına səbəb olur. Ölkənin strateji mövqeyi, tarixi və etnik-siyasi mürəkkəbliyi, eləcə də enerji və təhlükəsizlik baxımından önəmli tranzit marşrutlarının üzərində yerləşməsi Ermənistanı beynəlxalq siyasətdə xüsusi həssas sahəyə çevirir. Bu kontekstdə Rusiya və Avropa İttifaqı (Aİ) arasında təsir uğrunda gedən mübarizə, seçki öncəsi dövrdə xüsusilə aydın görünür”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə Paşinyanın son Rusiya səfəri göstərdi ki, Ermənistan rəhbərliyi artıq Qərbə inteqrasiya yolunu seçərək öz xarici siyasət xəttini daha qətiyyətli şəkildə ifadə edir:
”Bu isə Kremlin ölkədəki ənənəvi təsir mexanizmlərinə birbaşa meydan oxuma deməkdir. Ölkə daxilində isə Rusiya təsiri hələ də əhəmiyyətlidir. Ermənistan ordusunda və digər dövlət qurumlarında müəyyən “sadiq” elementlər mövcuddur ki, bunlar hər hansı seçki prosesində və siyasi qərarların qəbulunda təsir göstərə biləcək potensiala malikdir.
Eyni zamanda, daxili siyasətdə hələ də Paşinyanın rəhbərliyinə qarşı çıxış edən güclər mövcuddur. Məsələn, Samvel Karapetyan və Robert Koçaryan kimi siyasi fiqurların və onların arxasında duran qüvvələrin seçki öncəsi Paşinyanın rəhbərliyinə təzyiq göstərəcəyi gözlənilir. Bu qüvvələr, Rusiya dəstəyini arxalarında hiss edərək, ölkədə siyasi gərginliyi artırmaq potensialına malikdir. Kilsə institutlarının, xüsusilə də Qarahen kilsəsinin siyasi fəaliyyətə müdaxiləsi, Paşinyanın kilsə ilə bağlı qərarları fonunda müxalifətin fəallaşmasına və seçki öncəsi qarışıqlığın artmasına səbəb ola bilər.
Beləliklə, seçki öncəsi dövrdə Ermənistan siyasətində bir neçə əsas güc mərkəzi – ordu, kilsə və müxalif siyasi fiqurlar – Paşinyanı həm daxildən, həm də xaricdən təzyiq altında saxlayır. Rusiya bu təsiri istifadə edərək, ölkədə öz maraqlarını qorumağa çalışacaq, Avropa İttifaqı isə Paşinyanı dəstəkləməklə ölkənin Qərbə yaxınlaşmasını təşviq edir. Gürcüstan və Moldova təcrübələri göstərir ki, region ölkələrində bu cür geosiyasi manevrlər zaman-zaman daxili siyasi balansı dəyişdirə bilir və Ermənistanda da oxşar hadisələr gözlənilə bilər.
Seçkilər öncəsi Ermənistan həm daxili siyasi güc mərkəzləri, həm də beynəlxalq təsir qüvvələri arasında mürəkkəb qarşılıqlı əlaqələr məkanına çevrilib. Bu isə yalnız ölkənin deyil, bütövlükdə regionun təhlükəsizlik və sabitlik mühitinə əhəmiyyətli təsir göstərə bilər. Ermənistanın gələcək siyasi istiqaməti və regiondakı geosiyasi balans, seçki sonrası dövrdə formalaşacaq daxili güc münasibətləri və xarici təsir mexanizmlərindən asılı olacaq”.