“Qərbin Ermənistandakı proseslərə nisbətən daha yumşaq yanaşmasının əsas səbəblərindən biri geosiyasi kontekstdir. Ermənistan hazırda həm Rusiya ilə tarixi-siyasi bağlılıqları olan, həm də Qərbə doğru müəyyən açılımlar etməyə çalışan keçid ölkəsi kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, bu baxımdan Qərb üçün prioritet məsələ daxili siyasi proseslərə sərt müdaxilə etməkdən daha çox, ölkənin tam şəkildə Rusiya orbitində qalmasının qarşısını almaqdır:
”Yəni insan haqları və demokratik standartlar məsələsi prinsip olaraq önə çəkilsə də, praktikada geosiyasi balans və təsir uğrunda rəqabət daha müəyyənedici rol oynayır.
Digər tərəfdən, Qərb Ermənistandakı hakimiyyəti nisbətən “islahatçı” və ya “Qərbə açıq” kimi qəbul etdiyi üçün ona qarşı daha ehtiyatlı və yumşaq ritorika seçir. Bu, klassik “selektiv yanaşma” modelidir: eyni insan haqları prinsipləri müxtəlif ölkələrdə fərqli intensivliklə tətbiq olunur. Ermənistan kimi kiçik və həssas təhlükəsizlik mühitində yerləşən ölkələrdə isə Qərb daha çox sabitliyi qorumağa üstünlük verir, çünki daxili gərginliyin kəskinləşməsi regionda yeni risklər yarada bilər. Bu səbəbdən sərt tənqid əvəzinə daha çox diplomatik və balanslı mövqe müşahidə olunur”.