"Arzulanan ixtisasa qəbul hər zaman mümkün olmur" - EKSPERT DANIŞDI

3 Aprel 2026 12:42 (UTC+04:00)

"Dünya təcrübəsində belə bir qayda mövcuddur ki, buraxılış imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələri abituriyentləri özləri seçə bilirlər".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, bizim ölkədə abituriyentlərin bu kimi imkanları məhduddur: "Çünki Azərbaycanda vahid qəbul sistemi tətbiq olunur. Bu sistemə əsasən, abituriyentlər əvvəlcə buraxılış imtahanı verir, daha sonra isə ikinci mərhələdə - yəni blok imtahanında iştirak edirlər. Nəticədə topladıqları bala uyğun olaraq ixtisas seçimi edirlər. Amma bu zaman bir çox hallarda abituriyentlər arzuladıqları ixtisasa qəbul ola bilmirlər.

Halbuki dünya təcrübəsində, xüsusilə də Türkiyə modelində daha çevik yanaşma mövcuddur. Türkiyədə ali təhsil müəssisələri bəzi hallarda buraxılış imtahanı nəticələrinə və ya beynəlxalq imtahanlara əsasən birbaşa qəbul həyata keçirə bilirlər. Hətta yüksək nəticə göstərən abituriyentləri cəlb etmək üçün onlara təqaüd və müxtəlif imtiyazlar da təklif olunur.

Azərbaycanda da bəzi universitetlər beynəlxalq imtahan nəticələri, məsələn, SAT vasitəsilə qəbul aparırlar. Bu, çox müsbət və müasir yanaşmadır.

Hesab edirəm ki, digər ali təhsil müəssisələri də bu təcrübədən yararlanmalı, abituriyentlərə daha geniş seçim imkanları təqdim olunmalıdır. Bu isə həm təhsilin keyfiyyətinə, həm də tələbələrin öz potensiallarına uyğun ixtisas seçməsinə müsbət təsir göstərə bilər".