Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan su ehtiyatlarına nəzarət uğrunda gələcək mübarizədən danışıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki,o, Ankarada bir sıra su təsərrüfatı obyektinin açılışında çıxış edərkən vətəndaşları sudan qənaətlə istifadə etməyə çağırıb.
“Türkiyə dünyada “su stresi” yaşayan ölkələr sırasındadır, bərpaolunan su ehtiyatlarının həcmi azalır. Bu gün su ehtiyatlarından maksimum səmərəli və düşünülmüş şəkildə istifadə etməliyik. Hazırda neft uğrunda gedən mübarizə gələcəkdə su uğrunda aparılacaq”, – deyə Türkiyə lideri bildirib.
Dövlət başçısı xatırladıb ki, Yer kürəsindəki 1,4 milyard kub kilometr suyun yalnız 2,5 faizi şirin sudur. “Təmiz suya tələbat artdığı bir vaxtda, onun ehtiyatları tükənir. Bu, ifrat dərəcədə istifadə və çirklənmə ilə bağlıdır”, – deyə o qeyd edib.
Prezidentin sözlərinə görə, iqlim böhranı su ehtiyatlarına təhdid yaradır. “Türkiyə bu problemlə ən kəskin üzləşən ölkələrdən biridir. Təkcə ötən quraqlıq ilində ölkədə 2334 meşə yanğını söndürülüb. Bu il 28 təyyarə, 14 pilotsuz uçuş aparatı və 2766 ədəd xüsusi texnika ilə yanğınlarla daha səmərəli mübarizə aparacağıq”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.