“Rusiya–Ukrayna müharibəsi gündəmdə arxa plana keçir” - POLİTOLOQ DANIŞDI

2 Aprel 2026 12:35 (UTC+04:00)

“Artıq bir neçə ildir davam edən Rusiya–Ukrayna müharibəsi fonunda ciddi və köklü dəyişikliklər müşahidə olunmasa da, qlobal sistemdə baş verən digər hadisələr bu münaqişənin beynəlxalq gündəmdə arxa plana keçməsinə səbəb olur. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik və ümumilikdə beynəlxalq münasibətlər sisteminin mürəkkəb mərhələyə daxil olması diqqətin müəyyən qədər bu istiqamətlərə yönəlməsinə gətirib çıxarıb”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətə nəzər saldıqda, Rusiyanın Ukrayna ərazilərində hərbi fəaliyyətini davam etdirdiyini və mümkün danışıqlar prosesində daha güclü mövqedə çıxış etmək üçün təsir imkanlarını artırmağa çalışdığını müşahidə edirik. Digər tərəfdən, Avropa dövlətləri Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı əsasən siyasi bəyanatlarla kifayətlənir, lakin bu bəyanatları müşayiət edən daha təsirli praktik addımlar hələ ki, məhduddur.

Eyni zamanda, NATO çərçivəsində də müəyyən qeyri-müəyyənliklər müşahidə olunur. Xüsusilə ABŞ-nin NATO-dakı rolu və mümkün dəyişikliklərlə bağlı müzakirələr qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Belə bir ssenari reallaşarsa, Ukraynaya göstərilən hərbi və siyasi dəstəyin zəifləməsi ehtimalı yaranır ki, bu da müharibənin gedişinə birbaşa təsir göstərə bilər.

Digər mühüm məqam isə Donald Trump tərəfindən səsləndirilən bəyanatlarla bağlıdır. O, bir neçə ay öncə Rusiya və Ukrayna tərəflərinə müəyyən vaxt çərçivəsi – xüsusilə may ayına qədər – verildiyini və bu müddət ərzində danışıqlar prosesində müəyyən irəliləyişin əldə olunacağına ümid etdiyini bildirmişdi.

Yaxın aylarda – xüsusilə yay aylarına qədər – münaqişə ilə bağlı müəyyən taktiki irəliləyişlər mümkündür. Lakin bu, müharibənin tam başa çatması və ya danışıqlar prosesinin qəti uğurla nəticələnməsi kimi qiymətləndirilməməlidir. Daha çox ehtimal olunan ssenari mərhələli dəyişikliklər və qlobal geosiyasi proseslərin təsiri altında formalaşacaq yeni balansdır”.