"Təhsildə beynəlxalq təcrübənin tətbiqi, şübhəsiz ki, vacib və faydalıdır. Lakin bu, o demək deyil ki, hər hansı bir ölkənin təhsil modelini olduğu kimi götürüb yerli şəraitə tətbiq etmək düzgün yanaşmadır".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

O bildirib ki, hər bir ölkənin özünəməxsus xüsusiyyətləri var: coğrafiyası, sosial mühiti, milli-mənəvi dəyərləri və təhsil ənənələri fərqlidir. Bu səbəbdən beynəlxalq təcrübə tətbiq edilərkən həmin amillər mütləq nəzərə alınmalıdır: "Eyni zamanda, bu proses tədricən həyata keçirilməlidir. Yəni yeniliklərin birdən-birə və tam şəkildə tətbiqi arzu olunan nəticəni verməyə bilər. Addım-addım, sınaqdan keçirilərək tətbiq olunan yanaşmalar daha effektiv olur.
Dünyada istər məktəbəqədər, istər orta, istərsə də ali təhsil sahəsində bir çox uğurlu modellər mövcuddur. Bu təcrübələr artıq uzun illər ərzində sınaqdan çıxarılıb və müsbət nəticələr verib. Onlardan faydalanmaq, əslində, yenidən “velosipedi ixtira etməmək”, yəni mövcud uğurlu modellərdən istifadə etmək deməkdir.
Lakin burada əsas məsələ həmin təcrübələrin ölkənin imkanlarına, potensialına və prioritetlərinə uyğun şəkildə uyğunlaşdırılmasıdır. Yalnız bu halda beynəlxalq təcrübənin tətbiqi real nəticə verə və təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə göstərə bilər".