Heyvandarlığın inkişafı prioritet istiqamətlər kimi - ANALİZ

1 Aprel 2026 17:38 (UTC+04:00)

Heyvandarlığın inkişafı Azərbaycanda kənd təsərrüfatı siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və bu, ölkənin iqtisadi, sosial və ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Niyə heyvandarlıq prioritet sahədir, sualına aydınlıq gətirək. Əvvəla, qida təhlükəsizliyində əsas rol oynayır. Heyvandarlıq əhalinin gündəlik qida rasionunda mühüm yer tutan ət, süd və süd məhsulları, yumurta kimi əsas ərzaq məhsullarının istehsalını təmin edir. Bu sahənin inkişafı idxaldan asılılığın azaldılması və daxili bazarın sabit təminatı baxımından vacibdir.

İkincisi, kənd yerlərində məşğulluq problemlərinin aradan qaldırılmasına stimul verir. Heyvandarlıq kənd əhalisinin əsas gəlir mənbələrindən biridir. Regionlarda yeni iş yerlərinin yaradılması kənddən şəhərə miqrasiyanın azalmasına təsir göstərir. Bu isə regional inkişaf siyasətinin mühüm hissəsidir.

Üçüncüsü, heyvandarlıq aqrar sektorun əsas dayağı hesab olunur. Azərbaycanda kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi məhz heyvandarlığın payına düşür. Bu da onu göstərir ki, sahənin inkişafı ümumilikdə aqrar iqtisadiyyatın inkişafına birbaşa təsir edir. Heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən siyasət bir neçə əsas istiqaməti əhatə edir. Müasir texnologiyaların tətbiqi, avtomatlaşdırılmış fermalar, süni mayalanma və seleksiya, rəqəmsal idarəetmə sistemləri kimi yanaşmalar məhsuldarlığı artırır və keyfiyyətli istehsalı təmin edir. Damazlıq bazasının gücləndirilməsi, yüksək məhsuldar cinslərin gətirilməsi, yerli cinslərin genetik yaxşılaşdırılması daha çox məhsul əldə etməyə imkan verir.

Heyvandarlığın davamlı inkişafı üçün yem təminatı əsas şərtlərdən biridir. Bu məqsədlə yem bitkilərinin əkin sahələri genişləndirilir, yem istehsalı artırılır, baytarlıq və nəzarət sistemləri, xəstəliklərə qarşı profilaktik tədbirlər, peyvənd proqramları həm məhsuldarlığı, həm də qida təhlükəsizliyini təmin edir.

Qida təhlükəsizliyi

Heyvandarlığın inkişafı birbaşa olaraq ölkənin ərzaq təhlükəsizliyi strategiyası ilə bağlıdır. Bu sahədə “fermadan süfrəyədək” nəzarət sistemi tətbiq olunur, məhsulların keyfiyyətinə ciddi nəzarət edilir, yerli istehsalın payı artırılır. Nəticədə əhali daha keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunur.
Heyvandarlığın prioritet sahə kimi inkişafı gələcəkdə ixrac imkanlarının genişlənməsinə, aqrar sənayenin modernləşməsinə, regionların iqtisadi potensialının artmasına şərait yaradacaq. Heyvandarlığın inkişafının prioritet istiqamət kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Bu sahə ölkənin ərzaq təhlükəsizliyinin təminatçısı, kənd yerlərinin sosial-iqtisadi dayağı, aqrar sektorun aparıcı istiqaməti kimi çıxış edir.

Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət və müasir yanaşmalar nəticəsində heyvandarlığın yaxın illərdə daha da inkişaf edəcəyi və Azərbaycanın iqtisadi sistemində rolunun artacağı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib. 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir. Kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır. Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir. Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.

Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək. Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur. Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün elektron boyunbağılardan istifadə olunur.

Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb. Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

Heyvandarlıqda müasir mərhələ

Statistik göstəricilər göstərir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulunun strukturunda heyvandarlıq üstün mövqeyə malikdir. Belə ki, ümumi kənd təsərrüfatı məhsulunun 52,6%-i heyvandarlığın payına düşür. 2024-cü ildə 659 min ton ət, 2,3 milyon ton süd, 2,3 milyard ədəd yumurta istehsal olunub. Bu göstəricilər ölkənin ərzaq təminatında heyvandarlığın əsas rol oynadığını göstərir. Eyni zamanda son illərdə süd və yumurta istehsalında artım müşahidə olunur ki, bu da məhsuldarlığın yüksəldiyini təsdiqləyir.

Heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasında dövlət dəstəyi və subsidiyaları ayrıca göstərmək olar. Heyvandarlığın inkişafı üçün dövlət tərəfindən damazlıq heyvanların idxalına subsidiyalar verilir. Fermerlərə güzəştli kreditlər təqdim olunur və yem bazasının genişləndirilməsi üçün dəstək mexanizmləri tətbiq edilir. Bu tədbirlər məhsuldarlığın artmasına və keyfiyyətli heyvandarlıq məhsullarının istehsalına şərait yaradır.

Yeni dövrün tələblərinə uyğun olaraq heyvandarlıq sahəsində rəqəmsallaşma və innovasiyalar geniş tətbiq olunur. Avtomatlaşdırılmış fermalar, süni mayalanma və seleksiya proqramları kimi yeniliklər məhsuldarlığın artırılması ilə yanaşı, xərclərin optimallaşdırılmasına da imkan verir.

Azərbaycanda həyata keçirilən mühüm layihələrdən biri də Heyvanların İdentifikasiya və Qeydiyyat Sistemidir (HİQS). Bu system heyvanların “fermadan süfrəyədək” izlənməsinə, xəstəliklərin qarşısının alınmasına kömək edir. Bu yanaşma beynəlxalq standartlara uyğun nəzarət mexanizminin formalaşmasına şərait yaradır. Heyvandarlığın inkişafında heyvan sağlamlığı əsas faktorlardan biridir. Bu istiqamətdə yoluxucu xəstəliklərə qarşı peyvənd proqramları həyata keçirilir. Baytarlıq xidmətləri modernləşdirilir, beynəlxalq standartlara uyğun təhsil proqramları tətbiq olunur. Məsələn, brusellyoz kimi xəstəliklərə qarşı mübarizə proqramları uğurla icra edilir.

Fermerlərin risklərini azaltmaq məqsədilə heyvanların sığortalanması sistemi tətbiq olunur. Təbii fəlakət və xəstəlik risklərinə qarşı mexanizmlər yaradılır. Bu isə sahənin dayanıqlığını artırır və fermerlərin marağını gücləndirir. Heyvandarlığın inkişafı qida təhlükəsizliyinin əsas sütunlarından biridir. Məhsulun istehsalından istehlakçıya çatana qədər bütün mərhələlər nəzarətdə saxlanılır. Bu yanaşma keyfiyyətsiz məhsulların bazara çıxmasının qarşısını alır və istehlakçı hüquqlarını qoruyur.

Qida təhlükəsizliyinin əsas istiqamətlərindən biri də idxaldan asılılığın azaldılmasıdır. Bu məqsədlə yerli istehsal stimullaşdırılır, kənd təsərrüfatı məhsullarının daxili bazarda payı artırılır. Bütün nailiyyətlərə baxmayaraq, sahədə müəyyən problemlər də mövcuddur. Yem bazasının tam təmin olunmaması, kiçik təsərrüfatların texniki imkanlarının məhdudluğu və iqlim dəyişikliklərinin təsirini də nəzərə almaq lazımdır. Lakin dövlət proqramları və innovativ yanaşmalar bu problemlərin aradan qaldırılmasına yönəlib.

Azərbaycanda heyvandarlığın inkişafı son illərdə sistemli və məqsədyönlü siyasət nəticəsində yeni mərhələyə yüksəlmişdir. Müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi, baytarlıq xidmətlərinin gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmləri məhsuldarlığın artmasına, keyfiyyətli qida istehsalına, ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi Azərbaycanın həm daxili tələbatını tam ödəməsinə, həm də aqrar məhsullar üzrə ixrac potensialını artırmasına şərait yaradacaq.

V.VƏLİLİ