Müasir dövrdə təhsil sistemi daim yenilənir və cəmiyyətin tələblərinə uyğun şəkildə inkişaf edir. Məktəblərdə tətbiq olunan yeni qaydalar və tədris proqramları şagirdlərin bilik və bacarıqlarının artırılmasına yönəlsə də, bu dəyişikliklər birbaşa olaraq ailə və valideynlərlə də sıx bağlıdır. Bəs, məktəblərdə yeni qaydalar və proqramlar zamanı valideyn fikri nəzərə alınmalıdırmı? Və bu proses necə tənzimlənməlidir?
Məsələ ilə bağlı "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov SİA-ya açıqlamasında bildirib ki, valideyn təhsilin bərabərhüquqlu tərəfdaşıdır və onun idarə olunmasında aktiv iştiraka cəlb olunmalıdır:

“İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununun tətbiqi barədə Prezidentin 16 yanvar 2014-cü il tarixli Fərmanı var. İctimai əhəmiyyətli məsələlərin həlli üzrə qəbul ediləcək bütün qərarların öncə ictimai dinləmələrinin keçirilməsi zəruridir. Mərkəzi səviyyədə bu təhsil üzrə dövlət orqanlarının və Milli Məclisin komitəsinin bu istiqamətdə keçirdiyi tədbirlərə valideyn icmaları, Assosiasiya nümayəndələrinin, təhsil QHT-lərinin bu prosesə cəlbi, məktəb səviyyəsində isə məktəb özünü idarə orqanlarının (icma, assosiasiya filialları, valideyn komitələrinin nümayəndələrinin iştirakı ilə Pedaqoji Şuraya cəlb edilməklə həyata keçirilməsi məqsədəuygundur. Bu praktikanın geniş şəkildə tətbiqi müşahidə olunmur. Əvvəllər, hətta məktəbli formasının tətbiqi ilə müzakirələrdə valideyn nümayəndələrinin iştirakı ilə valideyn qurumlarının rəyi, müvafiq müqavilələr bağlansa da, hal-hazırda proqramların, qərarların müzakirəsi müəyyən məhdud təşkilatların iştirakı və ya ayrı-ayrı layihələri çərçivəsində həyata keçirilir. Təbii ki, bu qərarların qəbulundan öncə valideyn icmalarının rəyi ictimai şəffaflığın artırılmasına təkan verər”.