1 Aprel Tələsi: Saxta xəbərlərə aldanmaq niyə asandır? - EKSPERT DANIŞDI

1 Aprel 2026 13:49 (UTC+04:00)

“Bu gün dünyada 1 aprel – gülüş günü kimi qeyd olunur. Amma zaman dəyişdikcə bu günün mahiyyəti də bir qədər fərqli istiqamətə yönəlib. Əvvəllər bu gün sadəcə zarafat etmək, yaxın insanları incitmədən güldürmək üçün bir fürsət idi. İnsanlar bir-birini aldadanda belə bunun arxasında heç bir maraq, məqsəd və ya zərər niyyəti olmurdu, sadəcə xoş əhval yaratmaq istəyi vardı”.

Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.


O bildirib ki, indi isə vəziyyət bir qədər fərqlidir:

“Sosial şəbəkələrin geniş yayılması ilə saxta xəbərlər, dezinformasiya demək olar ki, gündəlik həyatın bir hissəsinə çevrilib. Artıq “zarafat” adı altında yayılan bəzi məlumatlar əslində kimisə nüfuzdan salmağa, linc etməyə və ya müəyyən maraqlara xidmət etməyə yönəlir.

Burada çox vacib bir fərqi qeyd etmək lazımdır: 1 aprel zarafatı ilə dezinformasiya eyni şey deyil. Zarafat etimada əsaslanan, qarşı tərəfi incitməyən və sonda gülüş doğuran bir davranışdır. Dezinformasiya isə məqsədli şəkildə yalan məlumat yaymaqdır və bunun arxasında ciddi niyyətlər dayanır.

Əslində bu günün ruhu tamam başqadır. Bu gün insanları aldatmaq yox, güldürmək üçündür. Bu gün yaxın münasibətdə olduğun, hörmət etdiyin insanlarla səmimi zarafatlar edib günü xoş əhval-ruhiyyədə keçirmək üçündür.

Ona görə də seçim bizimdir: ya bu günü köhnə ənənəsinə uyğun səmimi gülüş günü kimi yaşadacağıq, ya da onu saxta məlumatların kölgəsində itirəcəyik.

Yalan və xüsusilə də dezinformasiya tamamilə başqa bir kateqoriyadır. Bu, sadəcə zarafat deyil, məqsədli şəkildə insanları aldatmaq, çaşdırmaq və bəzən də manipulyasiya etmək deməkdir. Belə hallar isə artıq təkcə bir günlə məhdudlaşmır – demək olar ki, gündəlik olaraq qarşımıza çıxır və davamlı şəkildə yayılır.

Amma 1 aprelin mahiyyəti bu deyil. Bu gün dünyada gülüş günü kimi qeyd olunur və əslində də belə olmalıdır. Burada əsas məqsəd insanları incitmədən, zərər vermədən, səmimi şəkildə güldürməkdir.

Bu günü cəmiyyət üçün təhlükə yaradan saxta xəbərlərlə, dezinformasiya ilə qarışdırmaq düzgün deyil. Çünki bunlar tamam fərqli anlayışlardır. Birində səmimi zarafat və gülüş var, digərində isə məqsədli yalan və onun yaratdığı ciddi sosial problemlər.

Ona görə də 1 aprel – gülüş günü olaraq qalmalı, öz mahiyyətini itirməməlidir”.

Ayşən Vəli