Vaqif Cavadov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinə köməkçi məşqçi təyin olunub.
Bu barədə SİA-ya AFFA-dan bildirilib.
O, U-20-də portuqaliyalı mütəxəssis Ruy Jorjenin köməkçisi olacaq.
2020-ci ildə məşqçiliyə başlayan Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın "Turan" klubunda fəaliyyət göstərib. Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb. O, 2024/2025 mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasının baş məşqçisi olub.
Qeyd edək ki, futbolçu karyerası ərzində Azərbaycanda "Qarabağ", "Bakı", "Keşlə" (hazırkı "Şamaxı"), "Xəzər Lənkəran", "Qəbələ", "Sumqayıt", AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda "Tvente", Rusiyada "Volqa", Türkiyədə "Qaziantep BB" və "Boluspor"un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.
Xatırladaq ki, U-20 millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında çıxış edəcək.