”Şagirdlərin hansı ixtisaslara yönəlməli olduğunu müəyyən etmək lazımdır. Hazırki əmək bazarı və qlobal iqtisadi trendlər göstərir ki, şagirdləri yalnız diplom verən ixtisaslara deyil, gələcəyin iş bacarıqlarına yönəltmək zəruridir. Bu istiqamətdə bir neçə əsas sahəyə diqqət yetirmək tövsiyə olunur”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, texnologiya və rəqəmsallaşma sahəsində süni intellekt, kibertəhlükəsizlik, məlumat analitikası və bulud texnologiyaları hazırda ən yüksək maaşlı və tələbatlı sahələr hesab olunur. Energetika və davamlı inkişaf istiqamətində isə bərpa olunan enerji mənbələri və ekologiya mühəndisliyi ilə bağlı ixtisaslara olan tələbat sürətlə artır, davamlı inkişaf mütəxəssislərinə ehtiyac getdikcə böyüyür.
Tibbi və biotexnologiya sahələri, o cümlədən səhiyyə və mühəndislik ixtisasları da gələcəyin stabil iş sahələri kimi qiymətləndirilir. Pandemiyadan sonra logistika və nəqliyyat sahələrinə tələbat artıb; Azərbaycan tranzit ölkə olduğu üçün, Zəngəzur dəhlizinin açılması ilə bu sahədə tələbat daha da yüksələcək.
Şagirdlər həmçinin orta məktəbdən düzgün yönləndirilməlidirlər. Bu məqsədlə sistem yanaşması tətbiq olunmalı, fənlərarası və multi-disiplinar tədris prinsipləri izlənilməlidir. Riyaziyyat, incəsənət və digər fənlərin sintezini öyrətmək, şagirdlərin geniş dünyagörüşü formalaşdırması baxımından vacibdir.
Bundan əlavə, yumşaq bacarıqlar – tənqidi təfəkkür, emosional intellekt, komandada işləmə və problem həll etmə qabiliyyəti – şagirdlərə ötürülməlidir. Texniki biliklər zamanla köhnələ bilər, amma yumşaq bacarıqlar qalıcıdır. Universitet diplomu ömürboyu iş təmin etmədiyindən davamlı öyrənmə və ömür boyu təhsil şagirdlər üçün vacib amillərdir.
Regional tələbat da nəzərə alınmalıdır. Kənd təsərrüfatının rəqəmsallaşması, işğaldan azad edilmiş ərazilərin bərpası üçün mühəndislik və turizm menecmenti sahələrində böyük tələbat mövcuddur. Universitetlərin regionlara köçürülməsi planları həmçinin regional tələbatın ödənməsinə xidmət edəcək.
Şagirdlər həm texniki sahələrə, həm davamlı inkişaf və yumşaq bacarıqlara, həm də regional ehtiyaclara diqqət yetirməlidirlər”.