"Artıq ölkəmizdə yaz fəsli başlayıb. Yaz mövsümü ilə yanaşı, həm Ramazan bayramı, həm də Novruz bayramı qeyd olundu. Lakin, təəssüf ki, bu canlanma turizm sektorunda özünü gözlənilən səviyyədə göstərmədi".
Bunu SİA-ya açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.

Onun sözlərinə görə, həm gəlmə, həm də getmə turizmi baxımından ciddi durğunluq müşahidə olunur: "Bunun əsas səbəbi regionda baş verən münaqişələr, hərbi əməliyyatlar, Yaxın Şərq ölkələrinin hava məkanlarının və bəzi hava limanlarının bağlanması, eləcə də uçuşların ləğv edilməsidir. Nəticədə, Azərbaycana planlaşdırılan səfərlər təxirə salınır və ya tamamilə ləğv olunur. Eyni vəziyyət Azərbaycandan xaricə səfər etmək istəyən vətəndaşlara da təsir edir.
Qeyd etmək lazımdır ki, Azərbaycana gələn turistlərin böyük hissəsi, xüsusilə qonşu ölkələr istisna olmaqla, Yaxın Şərq və ərəb ölkələrindən, eləcə də Hindistandan olurdu. Hazırda isə bu istiqamətlər üzrə kəskin azalma müşahidə edilir və demək olar ki, bazarda durğunluq yaranıb.
Məsələn, Küveyt, Bəhreyn və Qətər kimi ölkələrdən uçuşlar demək olar ki, dayanıb. Səudiyyə Ərəbistanı istiqamətində isə uçuşlar əvvəlki dövrlə müqayisədə təxminən 30 faiz səviyyəsinə enib. Oman ilə reyslər mövcud deyil. Birləşmiş Ərəb Əmirlikləri istiqamətində əvvəllər gündə 6-7 uçuş həyata keçirilirdisə, hazırda cəmi bir reys mövcuddur.
Hindistan istiqamətində də vəziyyət ürəkaçan deyil. IndiGo uçuşlarını dayandırıb. Digər tərəfdən, aviabiletlərin qiymətində ciddi fərq yaranıb - Azərbaycandan Hindistana uçuş nisbətən ucuz olsa da, əks istiqamətdə biletlər çox bahadır. Bu da turist axınına mənfi təsir göstərir.
Bütün bu amillər ümumi turizm statistikasına mənfi təsir edir və əgər bu vəziyyət bir neçə ay davam edərsə, Azərbaycan turizmi üçün ciddi risklər yarana bilər.
Yeganə müsbət məqam daxili turizmdə müşahidə olunur. Xarici səfərlərin məhdudlaşması fonunda yerli vətəndaşların ölkə daxilində səyahətə marağı artır. Xüsusilə, həftəsonları və bayram günlərində bölgələrə səfərlərin sayında artım gözlənilir. Bu isə daxili turizmin inkişafına müsbət təsir göstərə bilər".