“Neft bahalaşır, büdcə gəlirləri artır, sosial artım ehtimalı yüksəlir” - EKSPERT DANIŞDI

1 Aprel 2026 11:19 (UTC+04:00)

“ABŞ–İran gərginliyinin artması və mümkün hərbi toqquşma ehtimalları qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Xüsusilə Brent markalı neftin qiymətinin 125 dollar həddini aşması neft ixrac edən ölkələr üçün əlavə maliyyə imkanları yaradıb. Bu vəziyyət Azərbaycan kimi enerji gəlirlərindən asılı iqtisadiyyatlar üçün dövlət büdcəsinə əlavə milyardlarla vəsaitin daxil olması ehtimalını artırır”.

Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə, əsas məsələ bu gəlirlərin necə idarə olunacağıdır. Artan neft gəlirlərinin birbaşa maaş və pensiyaların artırılmasına yönəldilməsi hər zaman mümkün olmur. Çünki Azərbaycanın büdcə sistemi bu vəsaitlərin böyük hissəsini Azərbaycan Dövlət Neft Fondu vasitəsilə idarə edir və fondun əsas məqsədi gəlirlərin uzunmüddətli sabitliyini təmin etməkdir. Buna görə də hökumət əlavə daxilolmaları tam şəkildə xərcləmək əvəzinə, onların bir hissəsini ehtiyat kimi saxlayır.

Maaş və pensiyaların artırılması isə yalnız neftin qısamüddətli bahalaşmasına əsaslanmır. Bu qərarlar qəbul edilərkən inflyasiya səviyyəsi, büdcə xərclərinin strukturu, sosial öhdəliklər və gələcək iqtisadi risklər nəzərə alınır. Əgər yüksək neft qiymətləri uzun müddət davamlı olarsa, bu zaman sosial ödənişlərin artırılması ehtimalı daha real görünür.

Digər tərəfdən, neft gəlirlərinin sürətlə iqtisadiyyata daxil edilməsi inflyasiya riskini artırır. Bu isə maaş və pensiya artımının real təsirini azalda bilər. Məhz buna görə hökumətlər adətən daha ehtiyatlı, mərhələli və balanslı qərarlar qəbul etməyə üstünlük verirlər.

Neft qiymətlərinin artması Azərbaycan üçün əlavə maliyyə imkanları yaratsa da, bu, maaş və pensiyaların dərhal artırılması demək deyil. Belə addımlar daha çox uzunmüddətli iqtisadi siyasət, maliyyə sabitliyi və strateji planlaşdırma çərçivəsində həyata keçirilir”.