Kürsüsüz həyət evləri təhlükəlidir? - EKSPERT AÇIQLADI

31 Mart 2026 16:03 (UTC+04:00)

“Kürsüsüz, yəni yer səviyyəsindən qaldırılmamış evlər, yağışlı hava şəraitində xüsusi diqqət tələb edən tikinti növlərindən biridir. Burada əsas risk suların düzgün idarə olunmamasıdır. İntensiv yağış zamanı su düzgün yönləndirilmədikdə, o, birbaşa yaşayış sahəsinə daxil ola bilər ki, bu da həm maddi zərərlərə, həm də elektrik, sürüşmə və digər təhlükələrə səbəb ola bilər”.

Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

O bildirib ki, digər mühüm faktor rütubətdir:

“Torpaqla birbaşa təmasda olan konstruksiyalar nəmlənməyə məruz qalır. Bu, divar və döşəmə materiallarının deqradasiyasına, həmçinin kif və göbələk yaranmasına gətirib çıxarır. Nəticədə daxili mühitin keyfiyyəti azalır və xüsusilə həssas insanlar qrupu üçün sağlamlıq riski yaranır.

Uzunmüddətli rütubət həmçinin təmir və təməl qatının dayanıqlığına mənfi təsir göstərir. Torpağın yumşalması və eroziya halları oturmalar və çatların meydana gəlməsinə səbəb olur ki, bu da artıq konstruktiv təhlükəsizlik məsələsi hesab olunur.

Bundan əlavə, yağış sularının həyətə yığılması sanitariya-gigiyena baxımından risklər yaradır. Belə mühit həşəratların çoxalmasına, xoşagəlməz qoxulara və ümumi yaşayış şəraitinin pisləşməsinə səbəb olur.

Ancaq qeyd etmək lazımdır ki, hər kürsüsüz ev təhlükəli hesab olunmur. Əgər tikinti zamanı lazımi mühəndislik tədbirləri görülüb, drenaj sistemi və ərazi planlaşdırılması təmin edilibsə, hətta intensiv yağış belə ciddi problem yaratmamalıdır. Bu səbəbdən belə evlərdə mühəndis nəzarətinin gücləndirilməsi və profilaktik tədbirlərin vaxtında görülməsi vacibdir”.

Ayşən Vəli