Mükafatların ləğvi əməkhaqqına necə təsir edəcək? - EKSPERT AÇIQLADI

31 Mart 2026 13:37 (UTC+04:00)

“Bu ilin mart ayında dövlət qulluqçularının əmək haqları ilə bağlı edilən dəyişikliklər ölkəmizdə əməkhaqqı sistemində mühüm və köklü islahat kimi qiymətləndirilə bilər. Aparılan yeniliklərin əsas mahiyyəti mükafat sisteminin ləğv olunması və həmin vəsaitlərin birbaşa vəzifə maaşlarına daxil edilməsidir”.

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, bu dəyişiklik xüsusilə təhsil sektorunda çalışan dövlət qulluqçuları üçün bir sıra üstünlüklər yaradır:

“İlk növbədə, maaşların sabitliyi təmin olunur. Əvvəllər bayramlar, xüsusi günlər və ya fərdi qərarlar əsasında verilən mükafatlar bəzən illik gəlirin əhəmiyyətli hissəsini təşkil edirdi. İndi isə həmin vəsaitlərin aylıq maaşa əlavə edilməsi nəticəsində işçilərin gəlirləri daha sabit və proqnozlaşdırıla bilən hala gəlir.

Eyni zamanda fərmana əsasən inzibati və yardımçı vəzifələr üzrə minimum maaşlar və artım faizləri yenidən müəyyənləşdirilib. Bu da baza maaşlarının əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə artmasına səbəb olub. Xüsusilə dövlət qulluğuna yeni başlayan gənclər üçün bu, sistemi daha cəlbedici edir və kadr axınının qarşısını almağa xidmət edir.

Digər mühüm məqam şəffaflıq və bərabərliyin təmin olunmasıdır. Mükafatların verilməsində müəyyən subyektiv yanaşmalar mümkün idi. Yeni sistem bu kimi halları aradan qaldıraraq vahid və daha ədalətli əməkhaqqı modelinə keçidi təmin edir.

Bundan əlavə, bu dəyişikliklər işçilərin sosial müdafiəsinin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Son illərdə dövlət qulluqçularının maaşlarında ümumilikdə ciddi artım müşahidə olunub və bu tendensiya onların rifahına müsbət təsir göstərir.

Motivasiya məsələsinə gəldikdə isə, yeni sistemin bu istiqamətdə də müsbət rol oynayacağı gözlənilir. Sabit və şəffaf əməkhaqqı modeli işçilərin işə daha məsuliyyətlə yanaşmasına, peşəkar fəaliyyətlərini inkişaf etdirməsinə stimul yaradır.

Bəzi narahatlıqlara baxmayaraq, mükafat sisteminin ləğvi keyfiyyətli kadrların dövlət sektorundan uzaqlaşmasına səbəb olmayacaq. Əksinə, yeni yanaşma dövlət qulluğunu daha cəlbedici edir, sağlam rəqabət mühitini gücləndirir və daha effektiv idarəetmə mexanizmlərinin formalaşmasına şərait yaradır.

Ümumilikdə, bu islahatlar təkcə təhsil sektorunda deyil, digər dövlət qurumlarında, o cümlədən yerli icra hakimiyyəti orqanlarında çalışanlar üçün də mühüm stimul və motivasiya mənbəyi kimi dəyərləndirilə bilər”.

Ayşən Vəli