"Kəlbəcər faciəsi xalqımızın yaddaşında dərin iz buraxmışdır" - HƏRBİ EKSPERT

31 Mart 2026 12:59 (UTC+04:00)

"Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonundan Laçına gedən yol üzərində yerləşən tuneldə xalqımız ən ağır faciələrdən birini yaşamışdır. Bu hadisə miqyasına və nəticələrinə görə Xocalı faciəsi ilə müqayisə olunur və xalqımızın yaddaşında dərin iz buraxmışdır".

Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Kəlbəcər faciəsi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü tarixində, 33 il əvvəl erməni silahlı qüvvələri tərəfindən törədilmişdir: "Kəlbəcər özünəməxsus relyefi və sərt iqlimi ilə seçilən dağlıq rayondur. Bu xüsusiyyətlər həmin ərazini həm strateji, həm də hərbi baxımdan mühüm mövqeyə çevirirdi. Rayonun işğalı düşmənə Qarabağla birbaşa əlaqə yaratmaq imkanı verir, Ağdərə ilə Xankəndinə gedən yolların açılmasına səbəb olurdu.

Faciə zamanı mülki əhaliyə evlərini tərk etmək üçün cəmi 10 saat vaxt verilmiş, onların əmlakı talan edilmişdir. Ordumuzun həmin dövrdə müdafiəni təşkil etmək imkanları məhdud idi. Hərbi-siyasi rəhbərliyin zəifliyi, ordunun lazımi səviyyədə təmin olunmaması və ölkənin mövcud imkanlarının məhdudluğu bu acı nəticələrin yaranmasına gətirib çıxarmışdır.

Lakin illər sonra Azərbaycan Silahlı Qüvvələri öz gücü ilə Kəlbəcər rayonunu yenidən nəzarətə götürmüşdür. Ərazidə qanunsuz məskunlaşmış erməni silahlı qüvvələrinin çıxması üçün müəyyən müddət verilmiş və nəticədə rayon işğaldan azad edilmişdir.

Bu gün Kəlbəcər müasir şəhər konsepsiyası əsasında yenidən qurulur. Yeni yaşayış binaları inşa edilir, yollar çəkilir, tunellər tikilir, sənaye obyektləri yaradılır. Təbii sərvətlərdən milli maraqlara uyğun istifadə üçün geniş imkanlar formalaşdırılmışdır. Artıq Kəlbəcər sakinləri doğma yurdlarına qayıdır, yeni və rahat mənzillərdə yaşayırlar.

Bütün bunlar Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin və məqsədyönlü siyasətinin nəticəsidir. Kəlbəcər artıq yalnız acı xatirələrin deyil, eyni zamanda dirçəlişin, bərpanın və parlaq gələcəyin simvoluna çevrilmişdir".