"Hazırda ölkəmizdə fabrik və zavodlar demək olar ki, yox dərəcəsindədir, belə demək olar ki, havanı çirkləndirən əsas mənbə nəqliyyat vasitələridir. İkinci çirklənmə mənbəyi kimi isə karxanaları qeyd edə bilərik. Karxanalar bir çox bölgələrimizdə, xüsusilə çay yataqlarında fəaliyyət göstərir ki, bu da çaylara ciddi təsir göstərir və ekosistemlərin fəaliyyətini pozur. Bu, əhali üçün ciddi sosial problemlər yaratmaqla yanaşı, ekoloji fəlakətlərə də səbəb olur. Son bir neçə gün ərzində yağan yağışlar bunu deməyə ciddi əsas verir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
.jpg)
Onun sözlərinə görə, Azərbaycanda çay yataqlarında, xüsusilə qum-çınqıl qarışığının çıxarılması məqsədilə fəaliyyət göstərən karxanalar ətraf mühitə, çay ekosistemlərinə və sahil xəttinə ciddi təsir göstərir: "Bu fəaliyyətlər tez-tez ekoloji tarazlığın pozulmasına və su ehtiyatlarının azalmasına səbəb olur. Çay yataqlarında karxanaların fəaliyyət göstərməsi nəticəsində intensiv qum-çınqıl çıxarılması çay məcralarının normadan artıq dərinləşməsinə və sahillərin genişlənməsinə gətirib çıxarır və bu da ətraf mühitdə ekoloji vəziyyəti daha da gərginləşdirir.
Bu fəaliyyətin nəticəsi olaraq əsas problemlərdən biri ekosistemin pozulmasıdır. Çay yataqlarından intensiv qum-çınqıl çıxarılması suyun bulanıqlığını artırır, balıqların kürüləmə yerlərini məhv edir və sahil eroziyasına səbəb olur. Nəticədə çayların fauna və florası məhv olur və sonradan çaylarda balıqların yoxa çıxması müşahidə edilir. Digər ciddi problem isə su ehtiyatlarının azalmasıdır. Çay məcralarının dərinləşməsi yeraltı suların səviyyəsinin aşağı düşməsinə və su qıtlığı riskinin artmasına səbəb olur. Hazırda ölkəmizdə su qıtlığı müşahidə olunur və bu, xüsusilə Kür çayının aşağı axınında yerləşən rayonlarda daha qabarıq şəkildə özünü göstərir.
Eyni zamanda nəqliyyat vasitələrinin tullantıları ətraf mühitə kompleks mənfi təsir göstərir və xüsusilə şəhər ərazilərində hava çirklənməsinin əsas səbəblərindən biri hesab olunur. Bu tullantılar iqlim dəyişikliyinə, hava keyfiyyətinin pisləşməsinə, insan sağlamlığına və ekosistemlərə zərər vurur. Havanın əsas çirkləndiricilərindən biri istixana qazlarıdır. Karbon qazı tullantıları iqlim dəyişikliyini sürətləndirir, qlobal istiləşməyə səbəb olur və istixana effektini artırır.
Avtomobillərin daxili yanma mühərriklərindən ətraf mühitə atılan zəhərli komponentlər - azot oksidləri, karbohidrogenlər, karbonmonoksit, kükürd oksidləri və müxtəlif hissəciklər - nəfəs aldığımız havanı çirkləndirir və insanların tənəffüs orqanlarında xəstəliklərin yaranmasına səbəb olur. Qurğuşun və digər ağır metallar da əhalinin sağlamlığına ciddi təsir edir. Şəhər nəqliyyatı torpaqda və havada bu maddələrin toplanmasına gətirib çıxarır. Bundan əlavə, avtomobil emissiyaları ətraf mühitin fiziki çirklənməsinə də səbəb olur. Təkərlər köhnəldikcə onlardan ayrılan rezin tozu havanı çirkləndirir.
Avtomobil emissiyalarının ətraf mühitə əsas təsirlərindən biri də havanın çirklənməsidir. Nəticədə şəhərlərdə smoq, yəni tüstü və his qarışığından ibarət qatı duman yaranır. Bu duman yer səthinə yaxın hava qatında toplanır və xüsusilə iri şəhərlərdə, küləksiz hava şəraitində uzun müddət qalır. Bakıda avtomobillərin sayını nəzərə alsaq, şəhərin dünyanın çirkli şəhərləri siyahısında ön sıralarda yer alması təəccüblü deyil.
Avtomobil emissiyalarının ekosistemlərə də mənfi təsiri var. Bu emissiyalar bitkilərə, torpağa və su hövzələrinə zərər verir. Bundan əlavə, avtomobillərin yaratdığı səs-küy çirklənməsi də insan sağlamlığına mənfi təsir göstərir. Daimi nəqliyyat səsi akustik narahatlıq yaradır və sağlamlıq problemlərinə səbəb olur. Eyni zamanda, bu emissiyaların torpaq çirklənməsinə təsiri də böyükdür. Ətraf mühiti qorumaq üçün avtomobillərdən istifadənin azaldılması və daha təmiz, zərərsiz nəqliyyat vasitələrinə, məsələn velosipedlərə üstünlük verilməsi vacibdir".