“Azad edilmiş ərazilərdə bərpa və “ağıllı” layihələr innovativ yanaşmanı göstərir” -DEPUTAT DANIŞDI

31 Mart 2026 12:01 (UTC+04:00)

“May ayında keçiriləcək World Urban Forum 13 mühüm və təsirli beynəlxalq platformadır. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə baş tutacaq bu tədbirdə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, şəhərsalma üzrə mütəxəssislər, memarlar və akademik dairələrin nümayəndələri bir araya gələcək”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, belə bir mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi islahatların beynəlxalq müstəvidə təqdim olunması üçün geniş imkanlar yaradır:

“Son illərdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkənin innovativ yanaşmasının bariz nümunəsidir. Bu təcrübənin beynəlxalq auditoriyaya çatdırılması Azərbaycanın müasir şəhərsalma modelinin tanıdılmasına mühüm töhfə verəcək. Təsadüfi deyil ki, forum iştirakçıları üçün Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərlərinin təşkili də nəzərdə tutulur. Bu çərçivədə işğal nəticəsində dağıdılmış ərazilərin bərpası istiqamətində görülən işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat veriləcək.

Eyni zamanda, World Urban Forum 13 beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün geniş imkanlar açılacaq. Tədbir həmçinin şəhərsalma sahəsində innovasiyaların təşviqi üçün mühüm platformadır. Süni intellekt və yaşıl enerji kimi müasir texnologiyaların şəhər mühitinə inteqrasiyası əsas müzakirə mövzularından biri olacaq.

Məlumdur ki, Azərbaycan COP29 çərçivəsində də rəqəmsal təşəbbüslərə sadiqliyini yüksək səviyyədə nümayiş etdirib. 80-dən çox ölkənin dəstəklədiyi “Yaşıl Rəqəmsal Fəaliyyət” Bəyannaməsinin icrasına başlanılıb. Beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycanın şəhərlərin rəqəmsal transformasiyası sahəsində liderliyə yüksəlməsi üçün kifayət qədər potensialı var.

Ümumilikdə, WUF 13 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmiz üçün həm strateji, həm də praktik baxımdan böyük əhəmiyyət kəsb edir. Bu forum Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanıdılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək.”