Pakistanın Hayber-Paxtunxva əyalətində müşahidə olunan güclü yağışlar nəticəsində ilkin məlumata görə 11 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, əyalət üzrə yağan leysan yağışları yaşayış məntəqələrini su altında qoyub və yolların bağlanmasına səbəb olub.
Xilasetmə qrupları güclü yağış və fırtına nəticəsində 11 nəfərin öldüyünü, 18 nəfərin isə xəsarət aldığını açıqlayıb.
Rəsmilər bəzi bölgələrdə ağacların aşdığını və infrastrukturun zərər gördüyünü bildiriblər. Həmçinin davam edən yağışların torpaq sürüşmələrinə səbəb olduğu və bir çox əsas yolların nəqliyyata bağlandığı qeyd olunub.
Güclü yağışların təsiri ilə Svat bölgəsində bəzi çay və axar sular daşaraq sel və su basqınlarına yol açıb. Mingora şəhərində su səviyyəsinin yüksəlməsi narahatlıq yaradıb.
Güclü qar yağışı və qar uçqunu səbəbindən Kalam ilə Mahodand gölü arasındakı yol bağlanıb və yüzlərlə avtomobil burada qalıb.
Meteorologiya qurumu əyalət üzrə yağışların davam edəcəyini, yüksək dağlıq ərazilərdə isə qar yağacağının gözlənildiyini bildirib.