“Azərbaycanda xırdabuynuzlu heyvandarlıq (qoyunçuluq və keçiçilik) ənənəvi və geniş yayılmış sahə olsa da, mövcud istehsal ölkənin ət və xüsusilə süd məhsullarına olan tələbatını tam şəkildə ödəməkdə çətinlik çəkir. Son illərdə yerli istehsal artsa da, bazarda hələ də idxal olunmuş ət və süd məhsullarının payı qalmaqdadır. Bu isə göstərir ki, daxili potensial tam istifadə olunmur və məhsuldarlıq səviyyəsi arzu olunan həddə deyil”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin Sədri Akif Nəsirli deyib.
O bildirib ki, fermerlərin qarşılaşdığı əsas problemlərdən biri yem bazasının zəif inkişaf etməsidir: “Otlaq sahələrinin azalması, bəzi ərazilərdə həddindən artıq istifadə və iqlim dəyişiklikləri heyvanların yemlə təminatını çətinləşdirir. Digər mühüm problem cins tərkibinin aşağı məhsuldarlığıdır; bir çox təsərrüfatlarda yerli cinslər saxlanılır ki, bunlar da ət və süd verimi baxımından daha geri qalır. Baytarlıq xidmətlərinin bəzi bölgələrdə yetərli səviyyədə olmaması xəstəlik riskini artırır. Eyni zamanda, kiçik fermerlərin maliyyə imkanlarının məhdudluğu, kreditlərə çıxışın çətinliyi və müasir texnologiyaların tətbiqinin zəif olması da inkişafı ləngidir. Məhsulların saxlanması, emalı və bazara çıxarılması sahəsində infrastruktur problemləri də gəlirliliyi azaldır.
Bu sahənin inkişafı üçün ilk növbədə yem istehsalının artırılması və otlaqların bərpası istiqamətində tədbirlər görülməlidir. Daha məhsuldar cinslərin gətirilməsi və süni mayalanma kimi üsulların geniş tətbiqi məhsuldarlığı artırar. Fermerlər üçün əlverişli kredit və subsidiya mexanizmləri gücləndirilməli, xüsusilə kiçik təsərrüfatlara dəstək artırılmalıdır. Baytarlıq xidmətləri regionlarda daha əlçatan və keyfiyyətli olmalı, profilaktik tədbirlər genişləndirilməlidir. Eyni zamanda, kooperativlərin yaradılması təşviq edilməli, bu yolla həm istehsal, həm də satış imkanları yaxşılaşdırılmalıdır. Emal və soyuducu infrastrukturun inkişafı da məhsul itkilərini azaldaraq fermerlərin gəlirini artırmağa kömək edər”.
Ayşən Vəli