1998-ci ildən başlayaraq hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı cinayətləri qurbanlarının xatirəsini anmaq məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu Öndər Heydər Əliyev sənədin icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu ildə Tədbirlər Planını təsdiq etdi.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Sovetinin qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma torpaqlarından didərgin salmışlar. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmamalıdır. Bu qanlı olaylar həm də Azərbaycanın yaşayış məntəqələrinin vandallara xas olan üsullarla dağıdılması, maddi mədəniyyət abidələrinin, məscid və qəbiristanlıqların yerlə-yeksan edilməsi kimi antibəşəri cinayətlər olaraq tarixin yaddaşına həkk edilməlidir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələrindəndir. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən məqamları üzə çıxır. Aparılan araşdırmalar nəticəsində təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin mənbələrin böyük hissəsi Sovet dövründə cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılıb. Yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar əsasında müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Eyni zamanda, onu da qeyd edək ki, Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb.
Vüqar Rəhimzadə vurğulayıb ki, tarix faktlara əsaslanır, saxtakarlığı sevmir. Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas hədəflərdən biri təbii ki, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması, tarximizin saxtalaşdırılmasına yol verilməməsi oldu. Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayarkən ilk görüşünün məhz ziyalılarla olması da özündə mühüm çağırışları ehtiva etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində tariximizin hər bir səhifəsinin öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması əsas prioritetlər sırasında oldu.
Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin olmaması, öz şəxsi ambisiyalarını dövlət maraqlarından ustün tutmaları ucbatından beynəlxalq arenada Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə yol açmışdı. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etdi, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımlar, deportasiyalar dünya ictimaiyyətinə çatdırıldı. Xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdikləri soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı. Mart soyqırımı və digər erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil, erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Millət vəkili bildirib ki, son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə 2018-ci ildə, Mart soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində burada kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımının qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına dair Sərəncam imzaladı. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edildi və 2013-cü ildə açılışı oldu. Dövlət başçısı İlham Əliyev Soyqırımı memorial kompleksinin açılış mərasimində bir daha bu həqiqətləri diqqətə çatdırdı ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirlərində qətiyyətlə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, ədalət Zəfər çaldı. Hazırda suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövləti informasiya cəbhəsində üstünlüyümüzü qorumaq üçün qətiyyət nümayiş etdirir, səylərini artırır. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.