"Kəlbəcər tuneli adlandırılan ərazi haqqında danışarkən qeyd etməliyik ki, söhbət Kəlbəcər ilə Laçın rayonlarını birləşdirən mühüm nəqliyyat xəttindən gedir. Bu tunel eyni zamanda 30-dan çox kəndin bir-biri ilə əlaqəsini təmin edən strateji əhəmiyyətli obyekt idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyə başladığı dövrdə Kəlbəcərin işğalı xüsusi strateji əhəmiyyət daşıyırdı. Ümumiyyətlə, Kəlbəcər mürəkkəb dağlıq relyefə malik ərazidir və bu cür coğrafiyada hərbi əməliyyatların aparılması olduqca çətindir.
Əslində, 1990-cı illərdə Azərbaycanda vahid siyasi iradə və koordinasiya daha güclü olsaydı, bu ərazilərdə müdafiəni daha effektiv təşkil etmək və düşməni uzun müddət yormaq mümkün ola bilərdi. Ermənistan tərəfi də Kəlbəcərin bu strateji və coğrafi üstünlüklərini yaxşı bildiyi üçün bu bölgəyə xüsusi önəm verirdi.
Lakin həmin dövrdə lazımi dəstəyin vaxtında göstərilməməsi, hərbi və siyasi idarəetmədəki problemlər, eləcə də düşmənin psixoloji müharibə üsullarından istifadə etməsi nəticəsində bölgədə ağır faciələr baş verdi və bu, Kəlbəcərin işğalı ilə nəticələndi.
Kəlbəcərin işğalı Birinci Qarabağ müharibəsi gedişində mühüm dönüş nöqtələrindən biri oldu və bundan sonra digər rayonların işğalı prosesi daha da sürətləndi.
Lakin tarix göstərdi ki, işğal qədər azadlıq da mühüm mərhələdir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın əldə etdiyi qələbə fonunda Kəlbəcər döyüşsüz, diplomatik razılaşma yolu ilə geri qaytarıldı.
Razılaşmaya əsasən müəyyən edilmiş vaxt çərçivəsində Azərbaycan ordusu Kəlbəcərə daxil oldu və bu ərazi yenidən ölkənin nəzarətinə keçdi.
Bu proses İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu hərbi və siyasi strategiyanın nəticəsi kimi qiymətləndirilə bilər. O, yalnız Ali Baş Komandan kimi deyil, həm də ölkəsinin coğrafi və strateji xüsusiyyətlərini dərindən bilən lider kimi bu prosesə rəhbərlik etdi. Məhz Kəlbəcər rayonunun bu şəkildə, yəni döyüşsüz, diplomatik razılaşma yolu ilə işğaldan azad edilməsi bunun nə qədər düzgün və strateji qərar olduğunu bir daha göstərir.
Açıq şəkildə demək olar ki, Kəlbəcər hərbi yolla da azad edilə bilərdi. Lakin bu, müharibənin daha da uzanmasına, əlavə çətinliklərə və ən əsası, itkilərimizin artmasına səbəb ola bilərdi. Çünki Kəlbəcər mürəkkəb dağlıq relyefə malik ərazidir və burada hərbi əməliyyatların aparılması, xüsusilə hücum xarakterli əməliyyatlar olduqca çətindir.
Belə bir ərazidə döyüşlər daha çox partizan və ya pusqu taktikaları ilə aparılır. Əgər qarşı tərəf müdafiə mövqeyinə keçsəydi, dağlıq ərazinin üstünlüklərindən istifadə edərək prosesi daha da çətinləşdirə bilərdi.
Lakin xoşbəxtlikdən bu ssenari baş vermədi. Burada Azərbaycanın əldə etdiyi hərbi uğurlar və eyni zamanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu diplomatik strategiya həlledici rol oynadı.
Bu, bir növ tarixdə yaşanan məğlubiyyətin əksinə çevrilmiş qələbə idi. Əgər 1990-cı illərdə vahid idarəetmənin zəifliyi səbəbindən bu ərazi itirilmişdisə, bu dəfə güclü ordu, milli birlik və mərkəzləşmiş idarəetmə nəticəsində Kəlbəcər itkisiz şəkildə geri qaytarıldı.
Razılaşma nəticəsində qarşı tərəfə ərazini tərk etmək üçün vaxt verildi və bu müddət səmərəli şəkildə istifadə olundu. Əks halda, Azərbaycan ordusu hərbi əməliyyatlara başlaya bilərdi, lakin bu zaman itkilərin daha çox olması qaçılmaz idi.
Xüsusilə dağlıq ərazi şəraiti bəzi hərbi üstünlüklərimizi, o cümlədən hava üstünlüyünü də müəyyən qədər məhdudlaşdıra bilərdi.
Bütün bunları nəzərə alaraq demək olar ki, Kəlbəcərin azad edilməsi həm hərbi, həm də siyasi baxımdan ən optimal və uğurlu variantla həyata keçirildi.
Vaxtilə daxili çəkişmələr və zəif idarəetmə səbəbindən itirilmiş bu ərazi, bu dəfə xalqın birliyi, güclü dövlət idarəçiliyi və Ali Baş Komandanın uğurlu strategiyası nəticəsində yenidən Azərbaycanın nəzarətinə qaytarıldı.