“Hər il martın 31-i Azərbaycan xalqı üçün dərin kədər və milli yas günüdür. 1998-ci ildən başlayaraq dövlət səviyyəsində qeyd olunan bu tarix, yalnız bir günün deyil, əsrlik faciənin, sistematik məhvetmə siyasətinin və unudulmaz itkilərin simvoluna çevrilmişdir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə , Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin dərin tarixi kökləri vardır:
” Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu siyasətin ən dəhşətli təzahürlərindən biri 1918-ci ilin mart-aprel aylarında baş vermişdir.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətmişlər. Bu qırğınlarda Bakı şəhərinin 6 min silahlı əsgəri "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Qurbanlar arasında yalnız azərbaycanlılar deyil, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da olmuşdur.
Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Şamaxıda baş vermiş hadisələrin tam mənzərəsi bu günə qədər tam formalaşmamışdır, çünki ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə məhv edilmişdir. Bununla belə, mövcud sənədlər kifayət qədər dəhşətli faktları ortaya qoyur.
1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığını təsdiqləmişdir.
Ekspertlərin rəyinə görə Şamaxıda 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüşdür.
Yerli tədqiqatçıların apardığı araşdırmalar (100-ə yaxın şahidin ifadələri əsasında) daha ağır rəqəmlər ortaya qoyur: şəhərdə 14-16 min, 40 kənd və obada 6-8 min nəfər qətlə yetirilmiş, 18 mindən çox insan didərgin düşmüşdür.
Quba qırğınları zamanı şəhərdə 2900-dək, Quba qəzası üzrə isə 4000 nəfərdən artıq insan həlak edilmiş, 122 kənd tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır.
2007-ci ilin aprelinde Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan qalıqlar arasında 500-dək insan kəlləsi vardı -bunların 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Tibbi ekspertiza və antropoloji araşdırmalar bu insanların 1918-ci ildəki soyqırımın qurbanları olduğunu sübuta yetirdi.
Qubada aşkarlanan sümüklərdə güllə izinə rast gəlinməmişdir. Qurbanlar küt alətlər, balta və xəncərlə öldürülmüş, bəzilərinin başına isə mismar vurulmuşdur. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurularaq üzərləri torpaqla örtülmüşdür.
1918-ci ilin əvvəlindən başlayaraq erməni silahlı dəstələri İrəvan quberniyasında da azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirmişlər. 1918-ci ilin martına qədər:
İrəvan qəzasında 32 kənd
Eçmiədzin qəzasında 85 kənd
Novo-Bəyazid qəzasında 7 kənd
Sürməli qəzasında 75 kənd, cəmi 199 kənd darmadağın edilmiş, 135 min azərbaycanlı məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlar, uşaqlar və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 50 mindən çox azərbaycanlı qaçqına çevrilmişdir.
Tarixi həqiqətin ən güclü sübutu bəzən cinayətkarların öz etiraflarıdır. Erməni tarixçisi Yervand Lalayan (1864-1931) yazırdı ki, daşnak hökuməti öz 30 aylıq hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizini məhv etmişdir. O həmçinin qeyd edirdi ki, daşnak nümayəndələri könüllü dəstələr toplayaraq qadın, uşaq, qoca və əlilləri amansızcasına qılıncdan keçirirdilər.
1989-cu ildə Qafanda Njdehin xatirəsinə ucaldılan abidənin açılışında Rayon Partiya Komitəsinin katibi Mkrtçyan açıq şəkildə etiraf etdi: "İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb."
Bu etiraflar soyqırımının kortəbii hadisə deyil, məqsədyönlü dövlət siyasəti olduğunu bir daha sübut edir.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayaraq martın 31-ni rəsmi olaraq "Azərbaycanlıların Soyqırımı Günü" elan etdi. 1999-cu il martın 30-da isə Fərmanın icrasına dair tədbirlər planı təsdiq edildi.
Ulu Öndər bu tarixi addımın əhəmiyyətini belə ifadə etmişdir:
"Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir."
2007-ci ildə kütləvi məzarlığın aşkarlanmasından sonra Prezident İlham Əliyev 2009-cu il dekabrın 30-da Qubada "Soyqırımı Memorial Kompleksi"nin yaradılması barədə Sərəncam imzaladı. Kompleks 2013-cü ilin sentyabrında açıldı. 3,5 hektar sahəni əhatə edən bu kompleks 5 hissədən ibarətdir və xalqın milli yaddaşının daşıyıcısına çevrilmişdir.
Prezident İlham Əliyev açılış mərasimində bildirdi:
"Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir."
100 İllik Yubileydə Yeni Sərəncam
2018-ci il yanvarın 18-də Prezident İlham Əliyev "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzaladı. Sərəncamla yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanması tapşırıldı, Milli Məclisə isə xüsusi iclas keçirməsi tövsiyə edildi.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü yalnız tarixi bir hadisənin yad edilməsi deyil, bu günün nəslinə düşən ciddi bir məsuliyyətin xatırladılmasıdır. Soyqırımı faktlarının dünya birliyinə çatdırılması, saxta erməni təbliğatına qarşı həqiqətin müdafiəsi və qurbanların xatirəsinin əbədiləşdirilməsi hər bir azərbaycanlının mənəvi borcu olaraq qalır.
Prezident İlham Əliyevin sözləri ilə desək, bu faciənin tədqiqi Azərbaycan tarix elminin qarşısında duran ən mühüm vəzifələrdən biri olaraq qalmaqda davam edir”.