ABŞ/İsrail–İran müharibəsi davam edərkən Türkiyə, intensiv diplomatik fəaliyyət apararaq münaqişəni dayandırmağa çalışır. Ankaranın təşəbbüsləri ərəb mediasında “etibarlılıq” və “regional güc” başlıqları ilə ön plana çıxıb. Mütəxəssislərə görə, Türkiyə həm tərəflərlə, həm də region ölkələri ilə əlaqə saxlayaraq vasitəçilik rolunu gücləndirir. Lakin müharibənin bitməsi üçün tərəflərin diplomatiyaya nə dərəcədə yaxınlaşacağı həlledici olacaq.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaxın Şərqin demək olar ki, alov halqasına çevrildiyi bir dövrdə, ABŞ/İsrail ilə İran arasında davam edən müharibə fonunda Türkiyə diqqət çəkən diplomatik fəaliyyət həyata keçirir. Telefon danışıqları, liderlərarası təmaslar və ehtiyatlı açıqlamalar vasitəsilə Ankara bölgədə gərginliyi azaltmaq üçün ciddi səylər göstərir.
Türkiyə həm regional təhlükəsizliyi qorumağı, həm də müharibənin daha geniş ərazilərə yayılmasının qarşısını almağı hədəfləyir. Bu çərçivədə qlobal və regional aktorlarla aparılan danışıqların 24/7 əsasda davam etdiyi bildirilir.
Ərəb mediasında Türkiyə: “Etibarlılıq” və “Regional güc” vurğusu
Türkiyənin apardığı sülh diplomatiyası yalnız beynəlxalq ictimaiyyətdə deyil, ərəb mediasında da geniş əks-səda doğurub. Qiymətləndirmələrdə iki əsas məqam ön plana çıxıb: “etibarlılıq” və “regional güc”.
Fələstinli jurnalist Səid əl-Hac, Türkiyənin diplomatik fəaliyyətini təhlil etdiyi yazısında Ankaranın vasitəçilik sahəsindəki təcrübəsinə diqqət çəkib. Əl-Haca görə, münaqişənin hər iki tərəfi Türkiyəyə etibar edir.