Adil Əliyev Dünya Kikboksinq Təşkilatında mühüm vəzifəyə təyin olunub

26 Mart 2026 16:03 (UTC+04:00)

Azərbaycan kikboksinqinə daha bir beynəlxalq uğur imzası atılıb. SİA xəbər verir ki, Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.

Bu barədə WAKO prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilib. Qeyd olunub ki, bu təyinat Adil Əliyevin idmanın, xüsusilə kikboksinqin Azərbaycanda və daha geniş regionda inkişafına verdiyi töhfələrin göstəricisidir.

Məktubda qeyd edilib ki, Beynəlxalq İnkişaf Komitəsinin sədri WAKO-nun birinci vitse-prezidenti Espen Lunddur. Komitənin əsas məqsədi dünyanın müxtəlif regionlarında kikboksinq idman növünü inkişaf etdirmək, genişləndirmək və təşviq etmək, ölkələr arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı anlaşma və idmanda mükəmməlliyə nail olunmasına xidmət edən təşəbbüslər həyata keçirməkdir. WAKO rəhbərliyi bu nüfuzlu təyinat münasibətilə Adil Əliyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mətləb