Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

25 Mart 2026 16:16 (UTC+04:00)

Hazırda paytaxt Bakı şəhərində, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.

SİA xəbər verir ki, bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.

Sürücülərdən xahiş olunur:

• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;

• Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar;

• Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər;

• Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər;

• Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər;

• Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər;

• Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.

Unutmayaq ki, çətin hava şəraitində yolda atılan hər bir düzgün addım bir həyatın qorunmasına xidmət edir.

Qaydalara əməl edək, təhlükəsizliyi birlikdə təmin edək.