Ölkədə kərə yağı istehsalı 10% azalıb

23 Mart 2026 12:19 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 882,9 ton kərə yağı istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalıb.

Mart ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 67,3 ton təşkil edib.

Hesabat dövründə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 42,8 faiz azalaraq 5 816,4 ton, duru bitki yağının istehsalı isə 30,2% artaraq 9 391,4 ton təşkil edib.

Bundan başqa, ötən iki ayda Azərbaycanda 589,1 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə və tərəvəz şirələri, 23 min 410,8 ton meyvə-tərəvəz konservləri, 8 436,9 ton pendir və kəsmik istehsal olunub ki, bu da əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq, 15,2%, 15,2%, və 2,8% azdır.

Qeyd edək ki, hesabat dövründə ölkəyə, ümumilikdə, 22 milyon 994 min ABŞ dolları dəyərində 3 556 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bir kiloqram kərə yağının orta hesabla qiyməti 11 manat (6.47 dollar) təşkil edib. Yanvar ayının statistikasına görə, Azərbaycana kərə yağı ən çox İran (953 ton), Səudiyyə Ərəbistanı (207 ton), Belarus (236 ton) və Ukraynadan (159 ton) idxal edilir.