Ən xoşbəxt ölkələri digərlərindən fərqləndirən nədir..?

20 Mart 2026 20:28 (UTC+04:00)

...İllik Dünya Xoşbəxtlik Hesabatı bir daha göstərdi ki, Skandinaviya ölkələri - Finlandiya, İslandiya və Danimarka ən xoşbəxt ölkələr olaraq qalır.

2026-cı ildə Finlandiya orta hesabla 10 baldan 7.8 bal toplayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Psychology Today yazır.

...Amerika Birləşmiş Ştatları Avropa və Yaxın Şərqdəki bir neçə ölkədən geridə qalaraq 23-cü yerdə qərarlaşıb.

Reytinq insanların həyatlarını 0-dan 10-a qədər şkala üzrə qiymətləndirdiyi bir sorğuya əsaslanır.

Tədqiqatçılar xoşbəxtlik üçün altı əsas amili müəyyən edirlər: sosial dəstək, gəlir səviyyəsi, sağlam ömür uzunluğu, seçim azadlığı, xeyriyyəçilik və korrupsiyanın aşağı səviyyəsi...

Skandinaviya ölkələri inkişaf etmiş sosial sistemləri sayəsində yüksək bal toplayırlar: pulsuz təhsil, əlçatan səhiyyə və effektiv vətəndaş dəstəyi...

Bu, bərabərsizliyi azaldır və ümumi rifah hissini artırır. Lakin mədəniyyət də əhəmiyyətli rol oynayır.

Danimarkada rahatlıq, əmin-amanlıq və yaxınlarınızla əlaqə fəlsəfəsi olan hygge anlayışı geniş yayılmışdır. Bu, özünü sadə şeylərdə göstərir: şamlar, isti içkilər, ortaq şam yeməkləri və asudə istirahət...

Mütəxəssislər qeyd edirlər ki, xoşbəxtlik təkcə hökumət siyasəti ilə deyil, həm də gündəlik vərdişlərlə formalaşır. Hətta kiçik rituallar - kitabla axşam keçirmək, dostlarla görüşmək və ya evdə rahat atmosfer - həyat məmnuniyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

Nazlı Almuradova