Ukrayna ordusu Rusiya üçün getdikcə daha ciddi problemlər yaradır...

20 Mart 2026 19:14 (UTC+04:00)

...2026-cı ilin əvvəlindən bəri Ukrayna Müdafiə Qüvvələri zərbə taktikalarını və hədəflərini dəyişdirərək Rusiya üçün taktiki, əməliyyat və strateji səviyyələrdə getdikcə daha ciddi çətinliklər yaradır.

SİA xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu bildirir.

Analitiklər qeyd edirlər ki, Ukrayna pilotsuz təyyarə bölmələri taktiki nailiyyətlər əldə etmək üçün Rusiya artilleriyasına, pilotsuz təyyarə operatorlarına və yaxın arxa cəbhədəki logistika hədəflərinə getdikcə daha çox üstünlük verir və uğurla zərbələr endirir.

Məsələn, 17 martda Liman istiqamətində fəaliyyət göstərən Ukrayna pilotsuz təyyarə batalyonu Rusiya piyada qüvvələrinə ağır zərbələr endiriblər.

Təbii ki, bu, Rusiya hücumlarının sayını azaldır və Ukrayna qüvvələrinə lokal nailiyyətlər əldə etməyə imkan verir.

...Rusiya rabitə antenalarına qarşı tez-tez dron hücumları Rusiya qüvvələrini ruhdan salır və cəbhə xəttində rabitəni pozur.

Müharibənin Tədqiqi İnstitutu qeyd edir ki, Rusiya taktiki arxa cəbhəsinə qarşı bu yaxın məsafəli kampaniya həm Rusiyanın hücum, həm də müdafiə qabiliyyətlərini getdikcə zəiflədir, Ukrayna Silahlı Qüvvələrinin taktiki uğurlar qazanmasına imkan verir və Rusiyanın 2026-cı ilin gözlənilən yaz-yay hücumu üçün artilleriya hazırlığı aparmaq qabiliyyətinə mane olur.

Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın hava müdafiəsini zəiflətmək və Rusiya arxa cəbhəsində orta və uzun mənzillərdə digər dəyərli hədəfləri tapmaq üçün sistematik əməliyyatlar aparır. Məsələn, Ukraynalı açıq mənbəli kəşfiyyat analitiki 18 martda bildirib ki, Ukrayna qüvvələri tərəfindən cəbhə xəttindən 50-250 kilometr məsafədə aylıq orta mənzilli hücumların sayı 2025-ci ilin noyabr ayından bəri dörd dəfə artıb.

Əli Babayev