...ABŞ Prezidenti Donald Tramp administrasiyasının artan təzyiqi fonunda Kubada ticarət kəskin şəkildə aşağı düşüb və bu, ölkə üçün ciddi iqtisadi və humanitar nəticələrə gətirib çıxarıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Associated Press yazır.
Analitiklərin fikrincə, mart ayında neft, ərzaq və digər malların tədarükü demək olar ki, dayanıb və adanın limanlarına bir dənə də olsun xarici tanker gəlməyib. Limanlara daxil olan gəmilərin ümumi sayı 2017-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Bu fonda Kubanın 11 milyon sakini geniş yayılmış elektrik kəsintiləri, tibbi xidmətdə fasilələr və yanacaq çatışmazlığı ilə üzləşir.
Vaşinqton rəsmi olaraq dəniz blokadası elan etməyib, lakin ticarəti faktiki olaraq məhdudlaşdırıb.
Havana müttəfiqi, Venesuela rəhbəri Nikolas Maduronun devrilməsindən sonra ABŞ-ın Kubaya qarşı ritorikası sərtləşib.
Tramp hökumət dəyişikliyinə və prezident Migel Diaz-Kanelin istefasına məcbur etmək niyyətini açıqlayıb və əlavə addımlar atılacağını istisna etməyib.
Adaya yanacaq tədarük edən ölkələrə və şirkətlərə qarşı sanksiya təhdidləri təzyiqi artırır.
Karib dənizində Amerika hərbi gəmilərinin olması bizneslər arasında narahatlıqları artırıb və Kubanın ticarət tərəfdaşlarına qarşı öz-özünə tətbiq edilən məhdudiyyətlərə səbəb olub. Havana vəziyyəti "yanacaq blokadası" adlandırır və ABŞ-ı illərlə təzyiq göstərməkdə günahlandırır.
Ölkə hakimiyyəti kursu dəyişdirmək niyyətində olmadığını və suverenliyini qorumağa hazır olduqlarını vurğulayır.
Eyni zamanda, Vaşinqton müəyyən yanacaq tədarükünə və humanitar yardıma icazə verməklə Kubanın özəl sektorunu dəstəkləmək cəhdlərini açıqlayıb.
Lakin ekspertlər bu tədbirlərin effektivliyinə şübhə ilə yanaşırlar.
Müşahidəçilər hesab edirlər ki, mövcud böhran Kuba iqtisadiyyatı üçün onilliklər ərzində ən ciddi sınaqlardan birinə çevrilə bilər, regionda sosial gərginliyi və qeyri-müəyyənliyi artıra bilər.
Əli Babayev