"Bu şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunacaq" - Baş Prokurorluq

20 Mart 2026 03:02 (UTC+04:00)

Azərbaycan vətəndaşı Nəriman Vaqif oğlu İsgəndərov ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Nəriman İsgəndərovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Nəriman İsgəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.