"Cavab zərbələri daha sarsıdıcı olacaq" - Abbas Əraqçidən hədələyici PAYLAŞIM

19 Mart 2026 22:15 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi yeni açıqlama ilə diqqət mərkəzinə düşüb. A. Araqçi özünün "X" sosial şəbəkə hesabında paylaşdığı kəskin bəyanatda İsrailin ölkənin enerji infrastrukturuna endirdiyi son zərbələrə cavab olaraq Tehranın hərbi potensialının yalnız cüzi bir hissəsindən istifadə etdiyini bəyan edib.

Nazir, rəsmi Tehranın indiyə qədər göstərdiyi təmkinin yeganə səbəbinin beynəlxalq birliyin gərginliyi azaltmaq çağırışlarına hörmətlə yanaşması olduğunu bildirib. Nazir vurğulayıb ki, əgər İranın mülki və strateji obyektlərinə yenidən hücum edilərsə, rəsmi Tehran "sıfır təmkin" nümayiş etdirəcək və cavab zərbələri daha sarsıdıcı olacaq.

Araqçinin bu açıqlaması İsrailin İranın ən böyük qaz yatağı olan "Cənub Pars"dakı emal müəssisələrini (Asaluyeh mərkəzi) hədəf almasından və İranın buna cavab olaraq Qətər, BƏƏ və Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə raket zərbələri endirməsindən sonraya təsadüf edir.

Mətləb