“Təhlükəsizlik faktları kampaniya aparanların əxlaqsız olduğunu sübut etdi“ -DEPUTAT DANIŞDI

19 Mart 2026 18:15 (UTC+04:00)

“Azərbaycan Respublikası Prezidentinin ailəsinə qarşı şantaj, yalan məlumat və görüntülər vasitəsilə iyrənc addım atan şəxslərin DTX tərəfindən ifşa edilməsi milli maraqlarımızın qorunması kontekstində atılan vacib adımdır”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, bu, informasiya məkanını real təhlükə sahəsinə çevirməyə çalışanların ifşası deməkdir. Azərbaycan Prezidentinin ailəsinə qarşı aparılan kampaniya ölkəmizə informasiya təzyiqinin tərkib hissəsidir.
Alena Əliyeva haqqında yayılan saxta məlumatlar onsuz da cəmiyyət tərəfindən ciddi qarşılanmırdı və bunun iyrənc bir kampaniya olduğu aydın idi. Təhlükəsizlik orqanlarının ortaya çıxardığı faktlar bu iyrənc kampaniyanı həyata keçirənlərin milli əxlaqının olmadığını bir daha sübut etdi. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı telefon danışıqlarından aydın olur ki, proses xüsusi şəbəkə tərəfindən idarə olunub və burada özünü “bloger” adlandıran üzdəniraqlardan alət kimi istifadə edilib. Telefon danışıqlarından da açıq şəkildə “bu məsələnin qaldırılmasına, gündəmə gətirilməsinə icazə verildiyi” etiraf edilir. Yəni, hadisənin sadəcə fərdi təşəbbüs deyil, müəyyən koordinasiya elementləri daşıyan proses olduğu aydınlaşır.
Təbii ki, uydurma materiallardan istifadə etməklə məqsədyönlü qarayaxma kampaniyası aparmaq cinayətdir və bu cinayəti törədənlər Cinayət Məcəlləsinin konkret maddələri əsasında məsuliyyətə cəlb olunmalıdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin hadisəyə operativ müdaxiləsi və şübhəli şəxsin saxlanılması dövlətin bu tip təhdidlərə qarşı çevik və prinsipial mövqeyini göstərir. Beləliklə, potensial oxşar cəhdlər üçün profilaktik mühit yaranır.
Hesab edirəm ki, belə neqativ hallar cəmiyyət tərəfindən də pislənməli və ictimai qınaq olmalıdır. Çünki hər bir sadə vətəndaş bu cür kiber dələduzların, şantaj şəbəkəsinin qurbanına çevrilə bilər.
Bu hadisə “rəqəmsal təhlükəsizlik” anlayışını ön plana çıxarır. Sosial şəbəkələrdə yayılan hər məlumatın doğru qəbul edilməsi risklidir. Belə olan halda informasiya savadlılığının artırılmasına ehtiyac var.“