Azərbaycan və türk dilli ölkələrin qardaşlıq görüşü adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə türkdilli dövlətlərin nümayəndə heyətləri, idarə və müəssisə rəhbərləri, eləcə də cəmiyyətin müxtəlif sahələrini təmsil edən fəal şəxslər iştirak ediblər. Tədbirdə iştirak edənlər arasında "Zirvə" İslahatlara Dəstək Mərkəzi İB-nin sədri Elçin Axundzadə, şirkətlər qrupunun rəhbəri Vüqar Poladov və SAF Turizm şirkətinin təsisçisi Samirə Mirzəyeva yer alıb.
Görüşün əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələrinin maarifləndirilməsi, türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin gücləndirilməsi və bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək vermək olub.
Elçin Axundzadə çıxışında bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə türkdilli dövlətlərlə əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsi istiqamətində tədbirlər müntəzəm olaraq keçirilir və bu tədbirlər bir-birini tamamlayaraq türkdilli dövlətlər arasında əlaqələri daha da sıxlaşdırır.
Vüqar Poladov tədbirdə çıxış edərək vurğulayıb ki, bu tədbir dövlət siyasətinin və İlham Əliyevin strateji xəttinin davamı olaraq, türkdilli dövlətlər arasında inteqrasiyanın, birləşmənin və şüurlu münasibətlərin gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, müasir dünyada türkdilli dövlətlərin birliyi və bir-birinə dayaq olması Azərbaycanın mövcudluğu və təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Azərbaycan-Türkdilli qardaş dövlətləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və inkişafı istiqamətində verdikləri dəyərli töhfəyə görə iştirakçılara diplomlar təqdim edilib. Həmçinin fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri üzrə təkliflər səsləndirilib.