"Dövlət və özəl sektorda əmək balansı qorunmalıdır" - EKSPERT

19 Mart 2026 17:25 (UTC+04:00)

"Əməkhaqqının artırılması işçinin işə marağını artırır. Bu, tamamilə normal və obyektiv bir məsələdir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, işçi öz əmək qüvvəsini “satır” və bu əməyin daha yüksək qiymətlə dəyərləndirilməsi onun üçün daha cəlbedici olur: "Yəni bazar prinsipi burada da özünü göstərir - kim daha yüksək əmək haqqı təklif edirsə, işçi üçün daha maraqlı olur. Əməkhaqqının yüksəldilməsi həm də işçinin motivasiyasını artırır, məhsuldarlığı gücləndirir və iş yerində sadiqliyi təmin edir. İşçi öz əməyinə dəyər verildiyini hiss etdikdə, həm fərdi, həm də kollektiv performans yüksəlir.

Bu, sadə bir iqtisadi qanunauyğunluqdur və ədalətli yanaşmadır. Əmək bazarında rəqabət şəraiti mövcud olduqda, işçi daha yaxşı şərtlər təklif edən işə üstünlük verir. Bu isə işəgötürənləri daha səmərəli və şəffaf idarəetmə aparmağa təşviq edir, əmək məhsuldarlığının artmasına yol açır.

Hesab edirəm ki, dövlət özəl sektorla əmək bazarında birbaşa rəqabət aparmamalıdır. Dövlət büdcəsi əsasən vergilərdən və digər ictimai resurslardan, o cümlədən neft gəlirlərindən formalaşır və bu vəsaitlərdən əməkhaqları ödənilir. Dövlət sektoru sosial və strateji vəzifələri yerinə yetirir və onun məqsədi təkcə işçi cəlb etmək deyil, həm də ictimai maraqları qorumaqdır.

Bu baxımdan dövlət sektorunun özəl sektorla eyni şərtlərdə rəqabətə girməsi düzgün deyil. Əks halda, bu, özəl sektordan işçi axınına səbəb ola bilər və nəticədə özəl sektor zəifləyər, xərclər artar və iqtisadi tarazlıq pozular. Dövlət sektorunda əmək haqlarının artımı iqtisadi balansı pozmadan həyata keçirilməli, həmçinin sektorlar arasında harmoniyalı yanaşma təmin edilməlidir.

Ümumilikdə hesab edirəm ki, dövlət sektorunda əmək haqları elə tənzimlənməlidir ki, bu, özəl sektorun inkişafına mane olmasın, əksinə, iqtisadi balansı qoruyaraq həm işçilərin rifahını, həm də ölkənin davamlı iqtisadi inkişafını təmin etsin. İşçilərin motivasiyası, məhsuldarlıq və bazar prinsiplərinə uyğun əmək siyasəti, uzunmüddətli perspektivdə həm dövlətin, həm də özəl sektorun dayanıqlığını gücləndirir".