“Bu səfər zamanı biz bir daha görkəmli liderin fəaliyyətinin şahidi olduq” - ŞƏRH

19 Mart 2026 16:42 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə gedir və bərpa işləri ilə tanış olur. Bizim müşahidəmiz ondan ibarətdir ki, salınan yaşayış məntəqələri ən müasir tələblərə cavab verir. İnfrastruktur müasirdir, evlər geniş və işıqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, kənd yerlərində insanlar həyətyanı sahələrlə təmin edilir, rayon mərkəzlərində isə gözəl, hündür, müasir binalar tikilib:

“Eyni zamanda geri qayıdan keçmiş məcburi köçkünlər üçün işlə təminat məsələsi də əsasən həll olunur. Xocavənd səfəri həm cənab Prezidentin işğaldan azad olunmuş ərazilərin birində Novruz bayramını insanlarla qeyd etməsi, həm də görülən işlərlə yaxından tanış olması ilə yadda qaldı. Çıxışında bildirdi ki, artıq altıncı ildir Novruz bayramını işğaldan azad olunmuş ərazilərdə keçirir, insanlarla səmimi söhbət edir və işlərin gedişatı ilə maraqlanır.

Bu, bir daha göstərir ki, Azərbaycan dövləti vətəndaşlarının qayğıları ilə yaşayır. İnsanların daha yaxşı yaşaması üçün maksimum səylər göstərilir, həyat şəraiti yaxşılaşır və hər bir insan gələcəyə inamla şəxsi planlarını qura bilir. Azərbaycanda inkişaf, regionların möhkəmləndirilməsi və məcburi köçkünlərin geri qayıtması məsələsi cənab Prezidentin siyasətinin əsas xəttini təşkil edir. Bu səfər zamanı biz bir daha görkəmli liderin fəaliyyətinin şahidi olduq”.