“Əlavələrin ləğvi ilə dövlət qulluqçularının maaşı baza hissədə artırıldı” - EKSPERT DANIŞDI

19 Mart 2026 16:16 (UTC+04:00)

“Dövlət qulluqçularına ödənilən müxtəlif əlavələrin ləğv edilərək onların vəzifə maaşlarının baza hissəsinə daxil edilməsi rəsmi şəkildə əməkhaqqı sistemində struktur islahatı kimi təqdim olunsa da, bu addımın mahiyyəti daha dərindən təhlil edildikdə fərqli mənzərə ortaya çıxır. Mövcud yanaşma klassik islahat anlayışından daha çox fiskal optimallaşdırma tədbiri kimi qiymətləndirilməlidir”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, əsl islahat dedikdə, ilk növbədə sistemin keyfiyyətcə dəyişməsi, əmək məhsuldarlığının artımını stimullaşdıran mexanizmlərin yaradılması, dövlət qulluqçularının real gəlirlərinin yüksəldilməsi və insan kapitalına investisiyanın gücləndirilməsi nəzərdə tutulur:

”Lakin təqdim olunan dəyişikliklərdə bu elementlər aydın şəkildə müşahidə olunmur. Əksinə, baş verən proses mövcud əməkhaqqı strukturunun sadəcə texniki yenidən konfiqurasiyası ilə məhdudlaşır.

Əlavələrin baza maaşa inteqrasiyası zahirən şəffaflıq və sadəlik yaratsa da, bu, sistemin mahiyyətini dəyişmir. Əgər nəticədə dövlət qulluqçularının ümumi aylıq gəlirlərində artım baş vermirsə və ya bu artım inflyasiya və yaşayış xərclərinin yüksəlişi fonunda real gəlir artımına çevrilmirsə, bu addımın sosial-iqtisadi effekti məhdud qalır. Bu halda dəyişiklik daha çox büdcə öhdəliklərinin uzunmüddətli idarə olunmasına xidmət edir.

Xüsusilə nəzərə almaq lazımdır ki, əlavələr sistemi müəyyən mənada çevik maliyyə aləti rolunu oynayırdı. Onların ləğvi dövlət üçün gələcəkdə əməkhaqqı fondunu daha sərt və nəzarət edilə bilən çərçivəyə salır. Bu isə fiskal planlaşdırma baxımından üstünlük yaratsa da, işçi motivasiyası və fərdi performansa bağlı stimullaşdırma imkanlarını məhdudlaşdıra bilər.

Digər tərəfdən, bu dəyişiklik pensiya və sosial sığorta ödənişlərinin baza maaş üzərindən hesablanması səbəbindən müəyyən müsbət effektlər vəd edir. Lakin bu effektlərin reallıqda nə dərəcədə hiss olunacağı birbaşa olaraq baza maaşların faktiki artım səviyyəsindən asılıdır. Əgər artım simvolik xarakter daşıyırsa, uzunmüddətli sosial təminat baxımından gözləntilər də məhdud qalacaq.

Bundan əlavə, belə dəyişikliklərin islahat kimi təqdim olunması ictimai gözləntilərin formalaşdırılması baxımından da risklidir. Çünki real gəlir artımı və iş şəraitinin yaxşılaşması ilə müşayiət olunmayan struktur dəyişikliklər zamanla dövlət qulluğuna olan marağın azalmasına, motivasiya səviyyəsinin zəifləməsinə səbəb ola bilər.

Qısacası, qeyd olunan addım texniki baxımdan əməkhaqqı sisteminin sadələşdirilməsi kimi qiymətləndirilə bilər. Lakin məzmun etibarilə bu, daha çox dövlət büdcəsinin yükünün optimallaşdırılması, xərclərin idarə olunmasının asanlaşdırılması və fiskal dayanıqlığın qorunmasına yönəlmiş qərardır. Bu səbəbdən, onu genişmiqyaslı sosial-iqtisadi islahat kimi deyil, maliyyə idarəetməsi aləti kimi dəyərləndirmək daha obyektiv yanaşma olardı”.