DİM-in aparat işçiləri də imtahan verməlidirmi? Şəffaflıq və etimad - MƏQALƏ

19 Mart 2026 15:47 (UTC+04:00)

Azərbaycanda minlərlə gəncin taleyi hər il keçirilən qəbul və dövlət qulluğu imtahanlarından asılı olur. Bu imtahanların təşkili və keçirilməsi isə Dövlət İmtahan Mərkəzinin üzərinə düşür. Cəmiyyət buquruma böyük etimad göstərir, çünki imtahan sistemi ölkədə təhsil və karyera imkanlarının əsas qapısı sayılır. Lakin, son illərdə imtahan sualları, proqram uyğunluğu və qiymətləndirmə meyarları ilə bağlı müzakirələr bu etimadın daha da möhkəmləndirilməsinin vacibliyini göstərir.
Əsas suallardan biri budur: minlərlə gənci imtahana çəkən systemin öz əməkdaşları hansı meyarlarla qiymətləndirilir? Yəni imtahan suallarını hazırlayan metodologiyanı müəyyən edən və nəticələri təhlil edən aparat işçilərinin bilik və peşəkar hazırlığı necə yoxlanılır?

Reallıq ondan ibarətdir ki, imtahan sisteminin keyfiyyəti birbaşa bu sualları hazırlayan mütəxəssislərin peşəkarlığından asılıdır. Əgər suallar proqramdan kənar, məntiqsiz və ya mübahisəli olarsa, bunun zərbəsi birbaşa abituriyentlərə dəyir. Son illərdə xüsusilə bəzi fənlər üzrə test tapşırıqlarının dərslik proqramı ilə uyğunluğu barədə ekspertlər və müəllimlər tərəfindən müxtəlif iradlar səsləndirilir.Sosial şəbəkələrdə və mediada yayılan bu tənqidlər göstərir ki, imtahan sisteminin mütəmadi olaraq təkmilləşdirilməsinə ehtiyac var.

Beynəlxalq təcrübə göstərir ki, imtahan sistemi idarə edən qurumlarda, əməkdaşların müntəzəm peşəkar attestasiyası,metodiki qiymətləndirilməsi və serfikatlaşdırılması həyata keçirilir. Bu cür mexanizmlər imtahan sistemini idarə edən şəxslərin bilik və bacarıqlarının müasir standartlara uyğunluğunu təmin edir. Həmçinin, sualların elmi səviyyəsini artırır, həm də cəmiyyətdə sistemə olan etimadı gücləndirir. Çünki şəffaflıq yalnız imtahan verənlər üçün deyil, imtahanı təşkil edənlər üçün də tətbiq olunmalıdır.

Əslində bu cəzalandırıcı yanaşma deyil. Əksinə belə bir mexanizm imtahan sisteminin keyfiyyətini yüksəltmək üçün faydalı vasitədir. Aparat əməkdaşlarının mütəmadi bilik yoxlanması, metodiqi treninqlər və müstəqil ekspert qiymətləndirməsi həm qurum daxilində peşəkarlığı artırar, həm də qərarların daha əsaslı qəbul edilməsinə şərait yaradar.

Unutmaq olmaz ki, hər bir imtahan sualının arxasında bir insanın gələcəyi dayanır. Bu səbəbdən imtahan sisteminin şəffaflığı və obyektivliyi yalnız qaydalarla deyil həmin sistemi idarə eddən insanların peşəkar səviyyəsi ilə ölçülür.

Əgər minlərlə gənc hər il imtahan verərək öz biliklərini sübut etməlidirsə, o zaman imtahan sistemini quran və idarə edənlərin də vaxtaşırı öz biliklərini və peşəkarlığını sübut etməsi cəmiyyət üçün tamamilə məntiqli və ədalətli tələbdir.


Qloballaşma və Milli Həmrəylik İB-nin sədri Həsən Qarayev