“Həddindən artıq çərəz istehlakı artıq kalori və çəki artımına səbəb ola bilər” - EKSPERT AÇIQLADI

19 Mart 2026 15:18 (UTC+04:00)

“Çərəzlər ümumilikdə faydalıdır, amma həddindən artıq istifadə bəzi problemlər yarada bilər”.

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Fərid Səfərov deyib.

O bidiirib ki, həddindən artıq çərəz istehlakı artıq kalori və çəki artımına səbəb ola bilər:

”Çərəzlər ümumilikdə faydalıdır, amma həddindən artıq istifadə bəzi problemlər yarada bilər.

Duz yükünün artması.
Duzlanmış çərəzlərdə olan həddindən artıq duz qan təzyiqini yüksəldə bilər, şişkinlik yarada bilər, ürək-damar problemləri riskini artırar.

Həzm problemləri.
Çox miqdarda tum və qoz-fındıq yemək qəbizlik və ya əksinə köp yarada bilər, bağırsaqlarda ağırlıq hissi verə bilər (xüsusilə kifayət qədər su içilməzsə).

Qaraciyər və öd sistemi yükü.

Yağlı olduqları üçün həddindən artıq qəbul edildikdə öd ifrazını artırır və bəzi insanlarda narahatlıq (xüsusilə öd daşı olanlarda) yarada bilər.

Gizli risk – keyfiyyət və saxlanma.
Uzun müddət və ya düzgün saxlanmayan çərəzlərdə küf və ya zərərli maddələr (məsələn, aflatoksin) yarana bilər. Bu isə sağlamlıq üçün təhlükəlidir.

Quru çərəzlər tamamilə zərərli deyil, əksinə faydalıdır, amma gündə 20–30 qram (bir ovuc) kifayətdir, duzsuz və qovrulmamış variantlar daha yaxşıdır, ölçülü şəkildə yeyilməlidir.

Sağlam qidalanaraq sağlam yaşayın!”.

Ayşən Vəli