Qara çörək alarkən bunlara diqqət edin - MÜTƏXƏSSİS AÇIQLADI

19 Mart 2026 14:44 (UTC+04:00)

Bəzi insanlar buğda unundan hazırlanan “ağ çörəyi” yox, çovdar unundan hazırlanan “qara çörəyi” yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var. Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi çovdar unu yox, qida rəngi kimi əlavə qatqılardır. Bəs, alıcılar bunu necə ayırmalıdır?

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, bəzən qara çörək deyəndə elə bilirik ki, mütləq çovdardan hazırlanıb:

"Həmişə belə olmur. Çörəyin rəngini təkcə un müəyyən etmir. Bişirmə üsulu, istifadə olunan bəzi əlavələr də çörəyi tündləşdirə bilir. Məsələn, reseptdə malt ekstraktı, melas kimi məhsullar varsa, çörək daha qəhvəyi görünə bilər. Bəzi hallarda isə karamel rəngi kimi rəngləndiricilərdən istifadə olunur. Yəni çörək gözə qara dəyirsə, bu çovdar çörəyidir demək olmaz.

Biz istehlakçılar üçün ən etibarlı seçim etiketə baxmaqdır. Tərkib siyahısı adətən bir qayda ilə yazılır. Ən çox olan komponent əvvəl, az olan isə sonra göstərilir. Ona görə də çovdar unu siyahının əvvəlindədirsə, çovdar payının daha yüksək olması ehtimalı artır. Əgər birinci sırada buğda unu yazılıb, çovdar isə sonralardadırsa, deməli bu çörək daha çox buğdalıdır. Sadəcə çovdarla qarışıq hazırlanıb. Çörəyə rəngləndirici qatılıb-qatılmadığı tərkibdə göstərilməlidir. Etiketdə “karamel rəngi”, “E150”, “malt”, “malt ekstraktı”, “melas”, “bəkməz” kimi sözlər yazılıbsa, çörəyin tünd rəngində bunların payı ola bilər. Bu əlavələr mütləq “pis” demək deyil. Sadəcə rəngin mənbəyini düzgün anlamağa kömək edir.

Çovdar çörəyi çox vaxt daha taxıl qoxulu olur. Bəzən yüngül turşməzə dad verir. Quruluşu da adətən bir az sıx olur. Çox yüngül və hava kimi olmur. Bir məqama da diqqət etməliyik. Çörəyin təkcə qabığı yox, içi də tünd olmalıdır. Amma bunu malt, ya melas da eləyə bildiyi üçün tək bu əlamətə arxayın olmaq düz deyil.
Çovdar və xüsusən tam dənli çovdar çörəklərində lif daha çox olur. Lif həzmi bir az ləngidir. Toxluq hissini uzada bilir. Amma burada da bir nüans var. Hər qara çörək eyni deyil. Tam dənlidir, yoxsa təkcə rəngi tünddür. Fərq əsasən buradan yaranır".