“WUF13 Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirəcək” - ŞƏRH OLUNDU

19 Mart 2026 14:14 (UTC+04:00)

“Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, Azərbaycanın dövlət quruculuğu strategiyasının artıq fiziki infrastruktur mərhələsindən daha mürəkkəb və konseptual bir mərhələyə , intellektual şəhərsalma fazasına keçdiyini simvolizə edir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bir politoloq nəzəri ilə baxdıqda, bu qərar ölkənin həm daxili konsolidasiyası, həm də xarici siyasətindəki "modern dövlət" obrazının möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) isə bu daxili siyasi iradənin qlobal miqyasda legitimlik qazanması və beynəlxalq standartlarla sintezi üçün həlledici platforma rolunu oynayacaq:

“WUF13-ün verəcəyi ən böyük töhfə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi analoqu olmayan yenidənqurma modelinin ,“Böyük Qayıdış” konsepsiyasının beynəlxalq idarəetmə laboratoriyası kimi təqdim olunmasıdır. Bu forum vasitəsilə Azərbaycan post-münaqişə dövründə dağıdılmış şəhərlərin ekoloji və texnoloji prinsiplər əsasında ("Smart City", "Net Zero") sıfırdan inşası üzrə qlobal bir standart müəllifi kimi çıxış edəcək. Bu, ölkəmizin beynəlxalq arenada təkcə enerji resursları ilə deyil, həm də intellektual memarlıq və humanist şəhər mühiti yaradan bir güc mərkəzi kimi tanınmasına xidmət edəcəkdir.

Eyni zamanda, bu tədbir ölkədə aparılan şəhərsalma islahatlarına ciddi institusional təkan verəcək. Beynəlxalq ekspertizanın Bakıya axını yerli idarəetmə orqanlarının, memar və şəhərsalma mütəxəssislərinin qlobal rəqabətə davamlılığını artıracaq, qanunvericilik bazasının ən müasir dünya standartlarına uyğunlaşdırılmasını sürətləndirəcəkdir. Siyasi baxımdan isə WUF13 Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirərək, ölkənin qlobal humanitar gündəliyin formalaşdırılmasındakı rolunu daha da sarsılmaz edəcək. Beləliklə, 2026-cı il həm Bakının, həm də bütövlükdə Azərbaycanın simasında müasir Şərq və Qərb memarlığının, ənənə ilə innovasiyanın barışdığı unikal bir siyasi-mədəni modelin bütün dünyaya nümayişi ili olacaqdır”.