"Cənab Prezident İlham Əliyev dünən Novruz bayramını Xocavənd rayonunda qeyd etdi və bu bayramı Qarabağa köçən sakinlərlə birlikdə keçirdi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, artıq 2021-ci ildən etibarən bu ənənə davam edir: "Cənab Prezident hər il Novruz bayramı münasibətilə Qarabağda olur və bayramı orada yaşayan və geri qayıdan sakinlərlə birlikdə qeyd edir.
Bu, çox mühüm bir mesajdır. Bu addım Qarabağın birdəfəlik və dönməz şəkildə Azərbaycana məxsus olduğunu həm beynəlxalq ictimaiyyətə, həm də ölkə daxilində cəmiyyətə açıq şəkildə göstərir.
Digər tərəfdən, Qarabağda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri də bu prosesin vacib tərkib hissəsidir. Bu işlər sürətlə davam edir və eyni zamanda Böyük Qayıdış prosesinə ciddi təkan verir.
Təbii ki, yenidənqurma və bərpa işləri nə qədər sürətlə aparılırsa, vətəndaşlarımızın doğma torpaqlarına qayıdışı da bir o qədər sürətlənir. Bütün bunlar onu göstərir ki, Qarabağda artıq yeni həyat başlayıb və bu proses uğurla davam edir".