"Beynəlxalq əməkdaşlıq imkanları artır" - ŞƏRH

19 Mart 2026 13:11 (UTC+04:00)

"Müstəqillik əldə etdikdən sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq qurmuş, eyni zamanda müxtəlif qurumlarda fəal şəkildə təmsil olunmuşdur. Bu gün Azərbaycan, xüsusilə paytaxt Bakı, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə seçilən mərkəzlərdən birinə çevrilmişdir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə - Şuşa və Xankəndidə keçirilən beynəlxalq tədbirlər də Azərbaycanın artan nüfuzunun göstəricisidir: "Dünyanın müxtəlif ölkələrindən liderlərin bu tədbirlərdə iştirakı ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.

Xüsusilə qeyd etmək lazımdır ki, Bakıda keçirilən Qlobal Bakı Forumu artıq ənənəvi xarakter almış və dövlət başçısının himayəsi, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən mühüm platformaya çevrilmişdir. Bu forumun hazırkı mürəkkəb beynəlxalq şəraitdə - müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir dövrdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Forumun mövzusunun dünyada artan fikir ayrılıqları və onların aradan qaldırılması ilə bağlı olması isə mövcud qlobal vəziyyətlə tam uyğunluq təşkil edir. Azərbaycan bu platforma vasitəsilə təkcə regionda deyil, ümumilikdə beynəlxalq səviyyədə sülhün və sabitliyin təşviqinə töhfə verir.

Azərbaycan Prezidenti forumdakı çıxışında bir sıra mühüm məqamlara toxunaraq ölkəmizin təcrübəsini diqqətə çatdırdı. Xüsusilə vurğulandı ki, Azərbaycan öz prinsipial və qətiyyətli mövqeyi nəticəsində 30 ilə yaxın davam edən işğala son qoymuş və ərazi bütövlüyünü bərpa etmişdir. Bu, beynəlxalq müstəvidə mühüm bir nümunə kimi qiymətləndirilə bilər.
Eyni zamanda Azərbaycan sülhə sadiqliyini nümayiş etdirərək Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmışdır. Bu gün regionda faktiki olaraq sabitlik müşahidə olunur və tərəflər arasında sülh sazişinin imzalanması üçün real imkanlar mövcuddur.

Azərbaycan həmçinin regional əməkdaşlığın inkişafına da önəm verir, kommunikasiya və iqtisadi əlaqələrin bərpası istiqamətində təşəbbüslərlə çıxış edir. Bu, gələcəkdə regionda davamlı sülh və inkişaf üçün mühüm zəmin yaradır. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan nümunəsi beynəlxalq aləmin faydalana biləcəyi çox mühüm təcrübədir. Vaxtilə torpaqlarını işğal edən bir ölkə ilə müəyyən müddətdən sonra düşmənçiliyi kənara qoyaraq sülhə nail olmaq və əməkdaşlıq qurmaq mümkündür. Əbədi qarşıdurma və qisasçılıq heç bir halda bəşəriyyətə fayda gətirmir.
Əksinə, müharibələr yalnız insan itkilərinə deyil, mədəni irsə, ekologiyaya və ümumilikdə bəşəriyyətə ciddi zərər vurur. Bu baxımdan Azərbaycan modeli göstərir ki, qətiyyətli mövqe ilə yanaşı, sülh təşəbbüsləri də paralel aparılmalıdır.

Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz müstəqil siyasət yürüdən, müxtəlif geosiyasi bloklarda yer almayan və Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayan bir dövlətdir. Bu strateji mövqe, o cümlədən nəqliyyat dəhlizləri və perspektivli layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır.

Bu kontekstdə Qlobal Bakı Forumunun keçirilməsi - dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarının, ekspertlərin və alimlərin iştirakı ilə - olduqca vacib platformadır. Eyni zamanda, ölkəmizdə keçiriləcək beynəlxalq şəhərsalma forumu da Azərbaycanın artan nüfuzunun və təcrübəsinin dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, bu gün Azərbaycan həm etibarlı tərəfdaş, həm də müstəqil və prinsipial siyasət yürüdən ölkə kimi qəbul olunur. Ölkəmizin təcrübəsindən istifadə etmək istəyən tərəfdaşların sayı getdikcə artır və bu da əməkdaşlıq imkanlarının genişlənməsinə, yeni perspektivlərin yaranmasına səbəb olur".