"Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə məkanıdır" - DEPUTAT

19 Mart 2026 10:41 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumu müzakirəyə təqdim etdiyi mövzular və səsləndirilən açıqlamaların əhəmiyyətinə görə mühüm siyasi və strateji platforma kimi qiymətləndirilir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, XIII Qlobal Bakı Forumu qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi dəyərləndirilir: "Qlobal Bakı Forumu müasir dövrdə artan münaqişələr və geosiyasi gərginliklər fonunda qlobal dialoq və əməkdaşlıq üçün vacib platforma hesab olunur. Tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, siyasətçiləri və ekspertləri bir araya gətirərək beynəlxalq problemlərin müzakirəsinə və ortaq həll yollarının axtarışına şərait yaradır.

Eyni zamanda Azərbaycan bu forum vasitəsilə özünü qlobal siyasi dialoq mərkəzi kimi təqdim edir və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

Qlobal təhlükəsizlik və güc balansı, beynəlxalq hüquq və çoxtərəflilik böhranı, qlobal idarəetmə və BMT-nin rolu, iqlim dəyişiklikləri və davamlı inkişaf, enerji təhlükəsizliyi və nəqliyyat marşrutları, süni intellekt və texnologiyaların etikası kimi məsələlər müxtəlif sahələrdə, o cümlədən hərbi, iqtisadi, enerji və texnoloji istiqamətlərdə mövcud qlobal parçalanmaların təsirlərinin təhlili kontekstində beynəlxalq mətbuatda da geniş yer alıb.

Forumda səsləndirilən əsas mesajlardan biri təhlükəsizlik və sabitliyin prioritet olması ilə bağlı olub. Bildirilib ki, müasir dünyada inkişaf və əməkdaşlıq yalnız təhlükəsizlik təmin edildikdən sonra mümkündür. Həmçinin vurğulanıb ki, qlobal problemlərin həlli üçün beynəlxalq səylərin birləşdirilməsi və konstruktiv əməkdaşlıq vacibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələləri çıxışında belə qiymətləndirib: “Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”.

Prezident İlham Əliyevin sülh gündəliyi və əməkdaşlıq strategiyası XIII Qlobal Bakı Forumu kontekstində Azərbaycanın artan beynəlxalq rolunu və tərəfdaşlıqlarını aydın şəkildə nümayiş etdirib.

Prezident çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rol oynadığını da qeyd edib. Şərq-Qərb nəqliyyat dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ölkə əsas tərəfdaşlardan biri kimi çıxış edir və yükdaşımaların həcmi artmaqdadır. Ümumilikdə Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat siyasəti, eləcə də çoxşaxəli diplomatik fəaliyyəti ölkəni beynəlxalq nəqliyyat və enerji mərkəzinə çevirib. Bu strategiya xüsusilə yeni geosiyasi şəraitdə sülh, sabitlik və uzunmüddətli əməkdaşlıq üçün mühüm zəmin yaradır".