"Azərbaycanla UN-Habitat şəhərsalma, dayanıqlı inkişaf və münaqişədən sonrakı bərpa proseslərində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xüsusilə urbanizasiya proseslərinin effektiv idarə olunması və müasir şəhər planlaşdırılması modellərinin tətbiqi diqqət mərkəzindədir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın sürətlə dəyişən şəhər mühitinə uyğun çevik və innovativ yanaşmaların tətbiqinə zəmin yaradır: "Ekoloji tarazlığın qorunması, enerji səmərəliliyinin artırılması və “yaşıl şəhər” konsepsiyasının genişləndirilməsi kimi məsələlər tərəfdaşlığın əsas istiqamətlərindən biridir. Bu yanaşma Azərbaycanın qlobal iqlim çağırışlarına uyğun siyasəti dəstəklədiyini bir daha nümayiş etdirir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri UN-Habitat üçün də maraqlıdır. Təsadüfi deyil ki, XIII Qlobal Bakı Forumu çərçivəsində UN-Habitat-ın texniki ekspertizasının cəlb edilməsi, müasir yaşayış məkanlarının qurulması və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması perspektivləri də müzakirə edildi.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiq etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” modelləri uğurlu təcrübə kimi dəyərləndirilir. Eyni zamanda, institusional potensialın gücləndirilməsi, şəhər idarəçiliyi sahəsində kadr hazırlığı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və məlumat əsaslı qərarvermə mexanizmlərinin tətbiqi gələcək əməkdaşlığın əsas dayaqlarından hesab olunur. Əldə olunacaq nəticələr yalnız şəhərsalma sahəsi ilə məhdudlaşmayacaq, eyni zamanda ölkəmizin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə də töhfə verəcək. Bu xüsusda əminliklə deyə bilərik ki, XIII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr Azərbaycanın dayanıqlı inkişaf və bərpa strategiyasının beynəlxalq təcrübə ilə zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".