“Baş verən qarşıdurma region üçün ciddi təhdid yaradır” - ŞƏRH EDİLDİ

18 Mart 2026 17:29 (UTC+04:00)

“Həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan İranla qonşudur. Bu gün İran, İsrail və ABŞ arasında baş verən qarşıdurma region üçün ciddi təhdid yaradır. Həm Azərbaycana, həm də Səudiyyə Ərəbistanına. Çünki biz birbaşa müharibəyə daxil olmasaq da, dolayısı ilə bu müharibəyə cəlb olunma ehtimalımız çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, əgər İranda hadisələr nəzarətdən çıxarsa və necə ki, indi artıq Səudiyyə Ərəbistanına qarşı ciddi şəkildə — oradakı ABŞ bazaları olsun, obyektləri olsun və digər hərbi-siyasi infrastruktur hədəfə alınarsa, eyni vəziyyət daha geniş formada yayılarsa, bu ciddi bir təhdid yarada bilər:

“Düşünürəm ki, bu telefon danışığında daha çox həmin məsələlərə kökləniblər. Nazirlərin əsas diqqət yetirdiyi məsələlər məhz İran üzərində, yəni İran–İsrail qarşıdurmasının necə dayandırılması ilə bağlıdır. Böyük ehtimalla səylərin artırılması müzakirə oluna bilər.

Çox təhlükəli tendensiya var və deyərdim ki, çox ciddi şəkildə diqqət yetirməyə ehtiyac var. Region sürətlə böyük xaosa doğru gedir.

Bütün bunlar artıq həm Azərbaycan, həm də Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin telefon danışığında müzakirə edilə bilər və qarşısının alınması üçün hansı real addımların atıla biləcəyi, hansı planlar üzərində işləməyin mümkün olduğu da müzakirə mövzusudur”.