“Mərkəzi Bankın pul-kredit siyasəti əsasən uçot dərəcəsi, açıq bazar əməliyyatları və likvidliyin tənzimlənməsi vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Sərt monetar siyasət inflyasiya təzyiqlərini zəiflədərək qiymət artım tempini aşağı sala bilər, lakin bu yanaşma eyni zamanda kreditlərin bahalaşmasına səbəb olaraq iqtisadi fəallığı müəyyən dərəcədə məhdudlaşdırır”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirinəb.
Onun sözlərinə görə, Milli valyutanın sabitliyinin qorunması baxımından bu alətlər mühüm rol oynayır. Faiz dərəcələrinin artırılması və likvidliyin məhdudlaşdırılması manatın dəyərdən düşmə risklərini azaldır. Bununla belə, xarici amillərin, xüsusilə idxal inflyasiyası və enerji daşıyıcılarının qiymət dəyişkənliyinin təsiri davam edir. Maliyyə bazarlarının inkişafı isə daha uzunmüddətli və sistemli yanaşma tələb edir, çünki təkcə monetar mexanizmlər bazarın dərinliyini və maliyyə vasitəçiliyini sürətlə genişləndirmək üçün kifayət etmir.
Pul-kredit siyasətinin real sektora təsiri ikili xarakter daşıyır. Bir tərəfdən makroiqtisadi sabitlik biznes üçün daha proqnozlaşdırılan mühit yaradır, digər tərəfdən yüksək faiz dərəcələri investisiya imkanlarını və istehsalın genişlənməsini məhdudlaşdıra bilər. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri maliyyə resurslarına çıxışda daha çox çətinliklərlə üzləşir. Əhali baxımından isə əsas təsir qiymət sabitliyi və gəlirlərin alıcılıq qabiliyyəti ilə bağlıdır: inflyasiyanın nəzarətdə saxlanılması rifahı qoruyur, lakin kreditlərin bahalaşması istehlak imkanlarını azalda və əlavə sosial yük yarada bilər.
Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər inflyasiyanın kəskin artımının qarşısının alınması və makroiqtisadi sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, monetar siyasətin effektivliyi fiskal alətlər, struktur islahatları və rəqabət mühitinin gücləndirilməsi ilə dəstəklənmədiyi halda məhdud qalır. Bu səbəbdən daha balanslı və kompleks yanaşma həm qiymət sabitliyinin qorunması, həm də dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün vacib hesab olunur”.