Bankların təklif etdiyi kredit faizləri niyə fərqlidir? - İQTİSADÇI AÇIQLADI

18 Mart 2026 15:55 (UTC+04:00)

Vətəndaşların bank kreditlərinə müraciəti mütəmadi davam edir. Lakin bankların təklif etdiyi kredit faizləri fərqlənir. Bəs, buna səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda istehlak kreditləri üzrə faizlər təxminən 9-10%-dən başlayaraq 25-30%-ə qədər dəyişir:

"Bu fərqlərin yaranmasının bir çox səbəbi var. İlk növbədə, kredit faizlərinin formalaşmasında bankların cəlb etdiyi vəsaitlərin, xüsusilə depozitlərin dəyəri mühüm rol oynayır. Yəni bank depozitə yüksək faiz verirsə, bu o deməkdir ki, avtomatik olaraq kredit faizlərinin də yüksək olmasına təsir edir. Digər ən vacib amillərdən biri də risk faktorudur. Müştərinin gəlir səviyyəsi, kredit tarixçəsi və təminatı (girov olub-olmaması) faiz dərəcəsinə birbaşa ciddi təsir edir. Risk yüksək olduqda banklar bunu kompensasiya etmək üçün daha yüksək faiz tətbiq edir.Yəni sizin gəliriniz, ödəmə qabiliyyətiniz məndən yaxşı təsir bağışlayırsa,sizə məndən ucuz faizlərlə kredit verəcəklər.

Eyni zamanda kreditin növü və müddəti də mühüm rol oynayır. Məsələn, təminatsız istehlak kreditləri daha riskli olduğu üçün faizləri yüksək, ipoteka və ya girovlu kreditlər isə nisbətən aşağı olur. Bundan əlavə, uzunmüddətli kreditlər üzrə bankların resurs bazasının məhdud olması da faizlərin artmasına səbəb olur.
Banklar arasında rəqabət və hər bir bankın biznes strategiyası da faiz fərqlərini şərtləndirir. Bəzi banklar bazar payını artırmaq üçün daha aşağı faiz təklif etdiyi halda, digərləri riskləri və xərcləri nəzərə alaraq daha yüksək faiz siyasəti yürüdür. Qısacası, kredit faizlərinin fərqli olması həm bankların maliyyə imkanları, həm risk yanaşması, həm də bazar şərtləri ilə bağlı kompleks məsələdir. Vətəndaşlara tövsiyə olunur ki, kredit götürməzdən əvvəl müxtəlif bankların təkliflərini müqayisə etsinlər və yalnız nominal faizə deyil, ümumi kredit xərcinə (effektiv faiz dərəcəsinə) diqqət yetirsinlər".