"Bakı ilə bu səviyyədə əlaqə qurması Azərbaycanın geosiyasi çəkisinin nəticəsidir" - ŞƏRH EDİLDİ

18 Mart 2026 15:52 (UTC+04:00)

"Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səudun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəngi Yaxın Şərqdə artan gərginlik fonunda diplomatik koordinasiyanın gücləndiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, bu təmas təsadüfi deyil, çünki həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan enerji bazarlarında mühüm aktorlardır və regionda sabitliyin qorunması onların birbaşa milli maraqları ilə üst-üstə düşür:

"Xüsusilə Hörmüz boğazı ətrafında risklərin artdığı bir vaxtda belə məsləhətləşmələr enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, bu telefon danışığı Azərbaycanın artıq yalnız Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş regional proseslərdə də məsləhətləşilən tərəfdaş kimi qəbul edildiyini göstərir. Səudiyyə Ərəbistanının Bakı ilə bu səviyyədə əlaqə qurması Azərbaycanın balanslı xarici siyasətinin və artan geosiyasi çəkisinin nəticəsidir. Bu cür təmaslar həm də onu göstərir ki, Yaxın Şərqdə formalaşan yeni vəziyyətdə Azərbaycan potensial vasitəçi və ya etibarlı tərəfdaş kimi nəzərdən keçirilir".